Aprelin 22-də Fransada prezident seçkilərinin birnci turu keçirilib. Prezident kürsüsü uğrunda mübarizədə 10 namizəd iştirak edib. Sosialist Partiyasından namizəd göstərilmiş Fransua Ollanda seçicilərin 29,3 faizi səs verib. Xalq Hərəkatı Birliyi Naminə Patiyasının namizədi hazırki prezident Nikola Sarkozi səslərin 26 faizini qazana bilib.
Seçki tarixində ilk dəfə Milli Cəbhənin tərəfdarları uğur əldə ediblər. Bu partiyadan namizədi Marin Le Pen səsvermənin nəticələrinə görə üçüncü yerdədir. O, səslərin 18,2 faizini toplayıb. Sol cəbhəçi Jan-Lük Melanşona 11, mərkəzçi Fransua Bayruya 9,1, Eva Joliyə və Jak Şemanada 2,2, Düpon Enana 1,2 və Natali Artoda 0,7 faiz səs verilib.
Beləliklə may ayının 6-da keçiriləcək ikinci turda mübarizə Fransada mühüm dəyişiliklər edəcəyini bəyan etmiş Fransua Olland ilə Nikola Sarkozi arasında olacaq. Əgər ikinci turda Fransua Olland səslərin çoxunu qazansa, bu, prezident Fransua Mitterandan sonra Sosialist Partiyasının ikinci dəfə hakimiyyətə gəlişi olacaq.
Nikola Sarkozini dəstəkləyən xarici işlər naziri Alen Jüppe hələ heç nəyin itirilmədiyini diqqətə çəkibr. Preizdentliyə namizəd Jan-Lük Melanşon seçiciləri ikinci turunda Fransua Ollanda səs verməyə çağırıb. Digər namizədlər də onlara səs verənlərin Sosialist Partiyasının namizədini dəstəkləyəcəyini bəyan ediblər.
Prezident seçkilərinin birinci turunda səsvermə hüququna malik seçicilərin 80,3 faizi ceçkilərdə iştirak edib. 2007-ci ildə keçirilən prezident seçkiləri ilə müqayisədə seçicilərin sayında azalma müşahidə edilib. Ötən prezident seçkilərində seçicilərin 83,6 faizi səsvermədə iştirak etmişdi.