Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. Müzakirə olunan ilk məsələ orta məktəblərdə buraxılış imtahanlarının keçirilməsinin Təhsil Nazirliyindən alınaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə olunmasıyla bağlı olub və toplantıda BAXCP-nin bu qərara münasibətini açıqlayıb. Qeyd olunub ki, vaxtilə partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev orta məktəblərdəki buraxılış imtahanlarıla ali təhsil müəssisələrinə qəbul imtahanlarının birləşdirilməsi, vahid imtahan sisteminin tətbiqi, imtahanların təşkili və keçirilməsinin isə TQDK-nın səlahiyyətlərinə verilməsilə bağlı Azərbaycan Respublikasının Milli Məclisində məsələ qaldırıb: «Lakin TQDK və Təhsil Nazirliyinin əsasnamələrinə edilən dəyişikliklərə görə, orta təhsil müəssisələrinin məzunları qısa bir zaman kəsiyində eyni dövlət qurumu tərəfindən keçirilən iki ayrı-ayrı imtahan prosesində iştirak edəcəklər. Bu mexanizmin hansı məntiqlə tətbiq olunduğu, eyni şəxsin biliyinin eyni qurum tərəfindən 2 dəfə yoxlanılmasının hansı məqsədə xidmət etdiyi heç bir halda anlaşılmır və təhsilin inkişafına xidmət edən bir amil kimi qəbul oluna bilməz».
Orta məktəb məzunları üçün vahid buraxılış və qəbul imtahanlarının keçirilməsi daha məntiqli və daha məqsədəuyğun sayan BAXCP hökuməti bu istiqamətdə təxirəsalınmaz qərarlar qəbul etməyə çağırıb: «Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyi arasında yaranmış qarşıdurma heç bir halda vətəndaşların, konkret halda orta məktəb məzunlarının və abituriyentlərin mənafeyinə zərbə vurmamalı, təhsilin keyfiyyətinin yüksəldilməsi, eləcə də imtahanların keçirilməsi zamanı obyektivliyin təmin olunması istiqamətində atılan addımlar real və məntiqli mexanizmlərə söykənməlidir».
BAXCP İdarə Heyəti buraxılış və qəbul imthanlarının TQDK tərəfindən keçirilməsilə bağlı qərarın növbəti dərs ilindən tətbiq olunmasını daha məqsədəuyğun saydığı da bəyan edib: «Kimsəyə sirr deyil ki, orta məktəbin son siniflərində təhsil alan şagirdlər əsasən konkret ixtisaslar üzrə repititorların yanına getməklə ali məktəblərə qəbul imtahanlarına hazırlaşırlar. Buraxılış imtahanlarına 1 ay qalmış bu imtahanların keçirilməsinin TQDK-ya həvalə olunması və bu qurumun rəhbərliyinin Təhsil Nazirliyinə olan münasibəti bu il orta məktəbləri bitirən, hətta ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplaya biləcək şagirdlərin böyük əksəriyyətinin attestatsız qalmasına səbəb ola bilər. Bu isə minlərlə bilikli və istedadlı şagirdin mənəvi zərbə alması, onların dövlətə olan inamının azalması deməkdir ».
BAXCP hesab edir ki, təhsil islahatları kompleks şəkildə həyata keçirilməlidir. Bazar iqtisadiyyatına keçmiş ölkədə ali və orta ixtisas təhsil müəssisələrinin özəlləşdirilməməsi, təhsil kreditlərinin verilməməsi təhsildə ciddi pozitiv dəyişiklilərin baş verə biləcəyini mümkünsüz edir.
BAXCP İdarə Heyətinin toplantısında tələbə köçürülmələrinin qadağan edilməsinə də münasibət bildirilib: “BAXCP hesab edir ki, tələbə köçürmələrinin Təhsil Qanunun 5.1 və 32.3.7 – ci maddələrinin tələblərinə zidd olaraq dayandırılması vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş akt kimi qiymətləndirilməlidir”.
Təhsil Qanunun 5.1-ci maddəsində bildirilir: “Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və fоrmasından məhrum edilməsinə yоl vermir”.
Qanunun 32.3.7-ci maddəsində isə təhsil alan şəxsə birmənalı şəkildə “müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək” hüququ verilir.
“Xatırladaq ki, Qanunun tələblərinə baxmayaraq Nazirlər Kabineti tələbə köçürmələrinin dayandırılması ilə bağlı müvafiq qərar qəbul edib”-deyə BAXCP bəyan edib.
Modern.az