Modern.az

Varlı ölkənin yoxsul jurnalistləri

Varlı ölkənin yoxsul jurnalistləri

23 Aprel 2012, 14:42

Sovet dövründə ən prestijli peşələrdən olan jurnalistika çoxları üçün əlçatmaz zirvə kimi görünürdü. Bu sahədə universal biliklərə malik təcrübəli insanlar çalışırdı və cəmiyyətdə də onlara məhz bu üzdən hörmət böyük idi. Jurnalistlərin maaşı və dolanışığı da normal idi.

Lakin, Azərbaycan SSRİ-nin dağılması ilə müstəqilliyini əldə edəndən sonra bu sahədə vəziyyət kökündən dəyişdi. İndi jurnaslistika, mətbuat sahəsində vəziyyət, jurnalistlərin sosial durumu ürəkaçan deyil.

Bu sahədə çalışanların 80 faizindən çoxunun şəxsi mənzili yoxdur, onsuz da aşağı olan əməkhaqqının yarısı kirayə haqqına sərf olunur. Başqa ölkələrlə müqayisədə Azərbaycan jurnalistləri 5-10 dəfə aşağı maaş alırlar.

Misal üçün, Rusiya, Türkiyə və İranda eyni işi görən jurnalistlər azı 2-3 min dollar əməkhaqqı alırlar. Hətta, iqtisadi imkanlar cəhətdən Azərbaycandan azı 5 dəfə zəif olan Gürcüstanda media mənsublarının maaşları bizdən 2-3 dəfə yüksəkdir.

Təsəvvür edin ki, bu sətirlərin müəllifi 10 min işarəlik araşdırma tipli yazıya görə, 15 il öncə də eyni qonorar alırdı, indi də. Bu 15 ildə bütün sahələrdə çalışanların maaşlarında dəfələrlə artımlar olub, bü müddətdə bazar-dükanda qiymətlər neçə dəfə artıb. Lakin, qonorar artmır ki, artmır...

Jurnalist hələ də dünyanın ən bahalı şəhərlərindən biri olan Bakıda bir neçə yüz manat maaşla ailə yaşatmağa cəhd etməklə məcburdur. Başqa sözlə, jurnalistləri ölkənin yoxsulluq həddində yaşayan kəsiminə aid etmək olar.

Azərbaycanda aylıq minimum istehlak səbətinin dəyərinin 150 manatın üzərində olmasını nəzərə alsaq, ortalama 300-400 manat əməkhaqqı alan ən kiçik jurnalist ailəsində kirayə xərcini çıxdıqdan sonra adambaşına bu məbləğdən xeyli aşağı vəsait düşdüyünü aydın görmək olar.

Təxminən yaşayış minimumdan 3 dəfə aşağı. Bu ifrat yoxsulluq həddidir, bir az real desək, dilənçilik həddi. Belə bir ağır durumda yaşayan, problemlərdən başı açılmayan insandan hansı iş keyfiyyəti, hansı peşəkarlıq, hansı iş həvəsi gözləmək olar?

Jurnalistlərin mənzil problemi zaman-zaman gündəmə gətirilsə də, ortada hələ də ciddi bir şey yoxdur. Düzdür, milli mətbuatın 135 illik yubileyi münasibətilə ökə prezidenti jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 5 milyon manat ayırdı. Lakin qeyd etmək lazımdır ki, bu məbləğə tikilən 140 mənzillik bina jurnalistlərin heç 1 faizinin belə mənzil problemini həll etməyə kifayət etməyəcək.

Əslində, qələm sahiblərinə dövlətin təmənnasız mənzil və ya başqa qiymətli mükafatlar verməsi arzuolunan hal deyil. Burada həmin jurnalistlərin dövlətdən asılı durumua düşəcəyi ilə bağlı cəmiyyətdə ən azı şübhələr yaranır.

Bundansa, ölkənin çox aşağı faizlərlə xarici banklarda saxlanılan və bəzən xarici valyutaların kursunun aşağı düşməsi nəticəsində gəlir belə gətirməyən böyük maliyyə ehtiyatlarının olduqca kiçik bir qismini güzəştli kredit şəkildə bu problemin həllinə yönəltmək olar. Belə olduqda jurnalist öz mənzilini öz pulu ilə almış olur ki, bu da həm dövlət üçün, həm də media mənsubları üçün ən optimal variantdır.

Amma bu məsələ nəinki müzakirə olunmur, əksinə iş o yerə çatıb ki, banklar jurnalistlərə hətta ucuz məişət əşyalarını belə kreditlə verməkdən imtina edirlər. Görün jurnalist peşəsi, jurnalist nüfuzu hansı səviyyəyə düşüb...

Prezident yanında KİV-ə Dövlət Dəstəyi Şurasının təşkil etdiyi müsabiqələrdə qaliblərə 1000 manat verilməsi də çıxış yolu deyil. Əvvəla, hər kəsə məlumdur ki, bir çox redaksiyalarda bu pulun hamısı heç də jurnalistə çatmır, ikincisi müsabiqə aşkar şəkildə qeyri-obyektiv keçirilir, üçüncüsü, elə jurnalist var ki, dəfələrlə qalib olub pul alır, eləsi də var ki, heç ona müsabiqəyə yazı verməyə belə redaktor imkan vermir, versə də, tapşırılmadığınmdan qalib olmur.

Dediklərimizi sübut etmək üçün, qalib yazıların səviyyəsinə baxmaq və qalib olmayanlarla müqayisə etmək kifayətdir. KİVDF-nin müsabiqələrində elə birbırçı yazılar qalib olub ki, adam dəhşətə gəlir.

Dövlət jurnalistlərə pul vermək əvəzinə, pul qazanmaq üçün şərait yaratsa, daha yaxşı olar.  Əvvəla, mətbuat ələbaxımlılıq psixologiyasından azad olar, ikincisi azad bazar və rəqabət mühiti yaranar, üçüncüsü də, oxucu və reytinq uğrundakı mübarizədə peşəkarlıq və obyektivlik ön plana çıxar. Bəlkə, bundan sonra jurnalistika cəmiyyətdə itirilmiş nüfuzunu qaytara bilə...

 

Sizə yeni x var
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var