Eks-spiker DUİC nümayəndələrini ABŞ-a çağırdı
Demokratik Cəmiyyət Uğrunda Müqavmət Hərəkatının nümayəndə heyəti ABŞ-a səfərə gedir. Bu barədə qurumdan Modern.az-a daxil olan məlumatda bildirilib.
Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında DCMUH İdarə Heyətinin növbəti yığıncağında nümayəndə heyətinin ABŞ-a bu günlərdə reallaşacaq səfəri ilə bağlı qərar qəbul olunub. Nümayəndə heyətinin ABŞ Dövlət Departamentində, Senatda, Konqresdə görüşləri nəzərdə tutulur. Görüşlərdə Azərbaycandakı siyasi vəziyyət və növbəti seçkilər, seçki qanunu ilə bağlı müzakirələr aparılacaq.
DCUMH-un 2012-ci il iyun ayının 24-də keçiriləcək mitinq-yürüşlə bağlı məsələ müzakirə olunub və partiyalar arasında iş bölgüsü aparılıb.
DCUMH İdarə Heyətində müxalifətdaxili inteqrasiya məsələsi müzakirə olunub. Müxalifətin fəaliyyətinin real nəticələr verməsi üçün milli demokratik platformada dayanan bütün siyasi qüvvələrin fəaliyyətinin əlaqələndirilməsinə ehtiyac olduğu bildirilib.
Qeyd edək ki, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının tərkibinə Açıq Cəmiyyət, Klassik Xalq Cəbhəsi, Aydınlar, Liberal Demokrat, Azadlıq partiyaları daxildir.
Modern.az