Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2012-ci ilin I rübü ərzində Gəncə şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Modern.az xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən Gəncə şəhər İH-nin başçısı Elmar Vəliyev bildirib ki, şəhər iqtisadiyyatın müxtəlif sahələrində ÜDM-nin həcmi 123.3 milyon manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37.7% çoxdur. ÜDM-nin adambaşına düşən həcmi isə 39% artaraq 383.4 manat olub. 2012-ci ilin I rübü ərzində şəhərdə 52.5 milyon manatlıq məhsul istehsal olunub.
Əsaslı abadlıq-quruculuq işləri şəhərin mərkəzi küçə və prospektləri ilə yanaşı ətraf yaşayış massivlərində də davam etdirilib. Şəhər iqtisadiyyatının və sosial sahələrin inkişafı üçün ilin əvvəlindən bütün maliyyə mənbələri hesabına əsaslı kapitala 8 milyon manat investisiya yönəldilib. Bu vəsaitində 90 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.
Elmar Vəliyev vətəndaşların məşğulluq məsələsinədə toxunaraq bildirib ki, yaxın illərdə Toxuculuq Fabrikinin, Gəncə Gil-Torpaq müəssiəsinin fəaliyyəti tam bərpa olunacaq. Toplantıda Gəncədə 116 müxtəlif təyinatlı obyektin tikilərək istifadəyə verildiyi, 66 obyektin tikildiyi və bu ilin sonuna qədər daha 70 obyektin tikilərək istifadəyə verilməsinin planlaşdırıldığı da qeyd olunub.
İcra başçısı Cavadxan, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı yaşayış məntəqələrinə qəsəbə statusunun verilməsi ilə Gəncənin ərazisinin artırırlaraq 17 min kv kilomterə çatdırıldığını və yeni qəsəbələrdə geniş infrastruktur layihələrin həyata keçiriləcəyini bildirib.