Modern.az

Beş müxalifət partiyası bəyanat verdi: “Bu yolverilməzdir...”

Beş müxalifət partiyası bəyanat verdi: “Bu yolverilməzdir...”

Təhsil

24 Aprel 2012, 13:11

Ölkənin beş müxalifət partiyası birgə bəyanat yayıb. Modern.az bildirir ki, AXCP, Müsavat, ADP, KXCP və AMİP "Siyasi partiyalar haqqında" qanuna edilən dəyişikliklərlə bağlı bəyanat yayıb. 

Bəyanatın mətnini təqdim edirik:

“Bəyanatı imzalayan partiyalar belə hesab edir ki, hazırkı hakimiyyət iqtidara gəldikdən sonra dövlətçiliyin möhkəmlənməsinə mane olmaq, hər cür tərəqqinin qarşısını almaq, demokratiyanın inkişafına sədd çəkmək, Azərbaycanı məqsədyönlü şəkildə sivil dünyadan təcrid etmək və ölkədə tayfa-klan hakimiyyəti formalaşdırmaq kursu götürüb.

Mövcud rejim iqtisadiyyatda monopoliyanın hegemomluğunu təmin etməklə maliyyə oliqarxiyasının yaradılmasına paralel olaraq ölkədə keçirilən bütün seçkilərin saxtalaşdırılması ilə təkpartiyalı siyasi sistem formalaşdırılmasına cəhd edir.

Bu məqsədlə siyasi partiyaların fəaliyyəti məhdudlaşdırılır, qanunla müəyyən edilmiş dövlət orqanlarının vəzifələrini yerinə yetirmək əvəzinə, bu vəzifələri yerinə yetirməyə cəhd edən məmurlara və siyasi partiyalara repressiya tətbiq olunur.

Müxalif partiyaların televiziyalara və elektron KİV-ə çıxışına hər bir vasitə ilə qadağalar qoyulur, siyasi partiyaların xalqla təmasının bütün formaları məhdudlaşdırılır. Ara-sıra partiyalara mitinq keçirməyə verilən imkanlar sərbəst toplaşmaq haqqında qanunun kobud şəkildə pozulması ilə əlverişsiz yerlərdə təmin edilir.

Son vaxtlar iqtidar “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi istiqamətində addımlar atmaqdadır. Lakin bu qanun nəinki Azərbaycanda çoxpartiyalı siyasi sistemi stimullaşdırmağa imkan vermir, əksinə, qəbul edilməsi nəzərdə tutulan qanunun müddəaları göstərir ki, bu qanunla arzuolunmayan siyasi partiyaların siyasi səhnədən sıxışdırılmasını asanlaşdırmaq, hakimiyyətyönümlü partiyalarla müxalif partiyaların maliyyə resurslarına görə perspektivdə qeyri-bərabər vəziyyətə salmaq, dövlət büdcəsindən yalnız hakim partiyanın və onun yandaşlarının maliyyələşdirilməsi məqsədi güdür.

Partiyalar bu qanunun qəbulunun Azərbaycandakı ictimai-siyasi vəziyyətin daha da gərginləşməsinə, Azərbaycanın Avropaya inteqtrasisiyasından uzaqlaşmasına, insan hüquq və azadlıqlarının pozulmasına geniş imkanlar açdığına görə qətiyyətlə pisləyir, qanunun bu şəkildə qəbul edilməsini yolverilməz hesab edir”.

Bəyanat müəllifləri demokratik institutlardan, xüsusilə Azərbaycanın qarşısında öhdəliyi olan və ya Azərbaycanla əməkdaşlıq edən AŞ-dan, AB-dən və ATƏT-dən siyasi plürallığın qarşısının alınmasına yönələn bu qanunun qəbul edilməsinə birmənalı mövqe nümayiş etdirməsini gözlədiklərini bildirirlər.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu