Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Amerika Birləşmiş Ştatlarına səfərə yola düşür. Bu barədə Modern.az-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Allahşükür Paşazadənin səfəri ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin bərqərar olmasının 20-ci ildönümünə həsr olunmuş tədbir çərçivəsində həyata keçirilir. QMİ sədri 25-26 aprel tarixlərində Vaşinqtonda keçiriləcək "Amerika-Azərbaycan əlaqələri: gələcəyə baxış" mövzusunda konfransda iştirak edəcək.
İki ölkə arasında iqtisadi, enerci və humanitar sahələrdə əməkdaşlıq mövzularının müzakirə olunacağı konfransda mədəni əlaqələr və tolerantlığın möhkəmləndirilməsinə dair məsələlər gündəmdə olacaq.
Konfransda iştirak edəcək nümayəndə heyətinə QMİ sədrinin birinci müavini Müfti Salman Musayev, Bakı və Azərbaycan yeparxiyasının Yepiskopu Aleksandr İşeyin, Bakıdakı katolik icmasının başçısı Vladimir Fekete, Azərbaycandakı dağ yəhudiləri icmasının başçısı M. Yevdayev daxildirlər.
Modern.az