İsa Qəmbər bu gün Əbülfəs Qarayevin qərarını müzakirə edəcək
Müsavat Partiyası Mədəniyyət və Turizm Nazirliyindən qurultayla bağlı aldığı imtina məktubunu bu gün müzakirə edəcək. Bu barədə partiyanın başqan müavini Gülağa Aslanlı
Modern.az-a açıqlamasında bildirib.
G.Aslanlı qeyd edib ki, Müsavat Partiyasının qurultay üçün alternativ yerlərin ayrılması məsələsini də müzakirə edə bilər.
“Qurultayla bağlı aldığımız imtina məktubu və eləcə də digər məsələlər bu gün partiya səviyyəsində müzakirəyə çıxarılacaq. Hesab edirəm ki, qurultay üçün alternativ yerlərin ayrılması məsələsi də yığıncaqda gündəliyə gətirilə bilər. Qeyd edim ki, yekun qərarı sonda partiyanın Divanı verəcək. Bu istiqamətdə müzaklirələr aparılacaq”-deyə G.Aslanlı bildirib.
Qeyd edək ki, Müsavat Partiyasının qurultayla bağlı Mədəniyyət və Turizm Nazirliyinə ünvanladığı rəsmi müraciətə dünən imtina cavabı verilib. Xatırladaq ki, Müsavat Partiyası qurutay keçirmək üçün Opera və Balet Teatrının rəhbərliyi ilə razılığa gəlsə də, nazirlik bu məsələyə müsbət yanaşmayıb.
Anar RÜSTƏMOV