Modern.az

Azərbaycanda Ailə bayramı keçiriləcək

Azərbaycanda Ailə bayramı keçiriləcək

Təhsil

25 Aprel 2012, 13:01

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə bayramına hazırlaşır. May ayının 5-dən 15-dək ölkəmizin müxtəlif yerlərində silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.
Bu barədə Modern.az-a komitənin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova məlumat verib.

“BMT-nin Baş Assambleyasının 1993-cü il 20 sentyabr qətnaməsinə müvafiq olaraq, hər il may ayının 15-i Beynəlxalq Ailə günü kimi qeyd olunur. Azərbaycan Respublikasının regionlarında  bu  bayram  artıq 5 ildir ki, keçirilir. Ötən illərdə  Şamaxı, Lənkəran, Qax, Xaçmaz rayonlarında keçirilib. Bu il isə İsmayıllı rayonunda keçirilməsi planlaşdırılır. Hər bir rayonda  kulinariya, əl işləri, yaradıcı nümunəvi ailə  nominasiyaları  üzrə keçirilən müsabiqələrdə qalib gələn ailələr, yəni ana, ata və iki uşaq öz bacarıqlarını yekun bayram tədbirində nümayiş etdirəcəklər. Adətən, rayonlarda  keçirilən bayram şənliyində bir gənc ailənin toyu və bir ailənin brilliant  toyu qeyd olunur. Bayram şənliyində hər il olduğu kimi, bu il də qalib ailələlərə  komitə tərəfindən  diplomlar, qiymətli hədiyyələr, eyni zamanda maarifləndirmə məqsədi daşıyan çap materialları veriləcək. Bayramda qonaq qismində ictimaiyyətin tanınmış xadimləri, beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcəklər. Bayram  tədbiri  AzTV telekanalı vasitəsilə işıqlandırılacaq”.

Komitə rəsmisinin sözlərinə görə, bu əlamətdar günlə bağlı “qadın koloniyası”nda, uşaq evlərində də  kütləvi aksiya kimi  tədbirlər keçiriləcək. Şöbə müdüri onu da  əlavə edib ki,  bu bayram milli, mənəvi dəyərlərin qorunub saxlanması,  gənc nəslin tərbiyəsi, sağlam həyat tərzinin təbliğinə  istiqamətləndirilir.

Nihadə Eyyubova  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu