Baş Prokurorluq Quba hadisələrində təqsirləndirilən "Xəyal" müstəqil teleradio şirkətinin baş redaktoru Zaur Quliyevə işgəncələr verilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.
Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, məlumatda son günlər bəzi kütləvi informasiya vasitələrində “Xəyal” müstəqil teleradio şirkətinin baş redaktoru Zaur Quliyevə ibtidai araşdırma zamanı işgəncələr verilməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edildiyi qeyd olunub. Həmin informasiyalar hadisələrin əsl mahiyyətini təhrif etmək, ictimaiyyətin fikrini yayındırmaq və istintaqın normal gedişinə mane olmaq məqsədi güddüyündən tərəfimizdən qəti şəkildə təkzib olunur. Bununla əlaqədar bildiririk ki, 1 mart 2012-ci il tarixdə Quba şəhərində ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərin təşkili, həmin hərəkətlərdə fəal iştirak etmə və sair faktlar üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə hadisələrin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Zaur Quliyevin Quba şəhər bələdiyyəsinin və rayon bələdiyyələr şurasının sədri Elxan Əliyev, “Xəyal” müstəqil teleradio şirkətinin icraçı direktoru Vüqar Qonaqov və digərləri ilə birgə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla, Quba rayon icra hakimiyyətinin 22 noyabr 2011-ci il tarixli iclasında rayon icra hakimiyyətinin başçısının çıxışının videogörüntüsünü 18 dekabr 2011-ci il tarixdə xüsusi proqram və digər vasitələrdən istifadə etməklə montaj etdirib, icra başçısının bəzi Quba rayon sakinlərinin qanunsuz hərəkətləri barədə söylədiyi cümlələrin ardıcıllığını pozaraq Quba rayon sakinlərinin qəzəb və hiddətinə səbəb ola biləcək məzmunda ayrı-ayrı sözləri birləşdirməklə süjet hazırlaması və həmin videomaterialın 2011-ci il dekabrın 18-də kompakt diskdə Vüqar Qonaqovun vasitəsilə Elxan Əliyevə verilməsi müəyyən edilib.
Qeyd edək ki, Z.Quliyev Cinayət Məcəlləsinin 233 və 309.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Modern.az