“Mən ailələr, iş adamları tanıyıram ki, məhz bu oyunlarda qoyulan vəsaitə görə müflis olublar"
Günümüzdə futbol mərc oyunlarına maraq göstərənlərin sayı durmadan artır. Azərbaycanda böyük pul dövrüyyəsi olan mərc oyunlarının təşkilatçıları 2011-ci il yanvarın 18-nə kimi qeyri-rəsmi fəaliyyət göstərirdilər. Ancaq ötən ilin yanvarından mərc oyunları rəsmiləşdirildi və bunların təşkilatçısı kimi “Topaz” şirkəti fəaliyyətə başladı.
Qeyd edək ki, “qara bazar”da fəaliyyət göstərən mərc oyunlarında iştirak etmək istəyən şəxslərə heç bir yaş məhdudiyyəti qoyulmur, rəsmi fəaliyyət göstərən “Topaz”da bu məhdudiyyət var. “Topaz”ın mərclərində 18 yaşdan yuxarı şəxslər iştirak edə bilər. Ancaq müşahidələr göstərir ki, istər “qara bazar”da, istərsə də “Topaz”da mərc oyunlarının iştirakçıları arasında məktəbyaşlı uşaqlar çoxdur. Hər gün bu oyunlar keçirilən məkanlara baş çəkməklə deyilənlərin əyani sübutunu görmək olar.
Yetkinlik yaşına çatmayanların iştirakına niyə icazə verilir?
“Topaz”a göndərdiyimiz sorğunun cavabında bildirilir ki, şirkətdaxili normalar 18 yaşınadək şəxslərin mərc oyunlarında iştirakını ciddi şəkildə məhdudlaşdırır.
“Topaz”dan bildirilib ki, 18 yaşa çatmayan şəxslərə xidmət göstərilməsi halları aşkar olunarsa, bu halların qarşısının alınması məqsədilə qanunvericiliyinin tələblərinə uyğun lazımi tədbirlər həyata keçirilir.
“Topaz” şirkətinin rəsmi cavabında deyilib ki, onlara yetkinlik yaşına çatmayan şəxslərin mərc oyunlarında iştirakı ilə bağlı heç bir müraciət daxil olmayıb.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev isə bildirib ki, futbol mərc oyunları əslində qumardır, ümumiyyətlə isə bunun leqal və ya qeyri-leqal formada olması onun mahiyyətini dəyişmir.
“Azərbaycan cinayət qanunvericiliyinə görə, qumar oyunları qadağan olunub. Mən başa düşürəm ki, müəyyən işbazlar rəsmi struktur kimi «Topaz» oyunlarını yaratdılar” deyən Ə.Nuriyev bildirib ki, hələ mərhum prezident Heydər Əliyev 90-cı illərdə bu məsələ ilə bağlı öz münasibətini bildirib və o zamandan qumar oyunları Azərbaycanda qadağan olunub.
Ə.Nuriyev də təadiqləyib ki, mərc oyunları 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulsa da, iştirakçıların əksəriyyəti məktəbyaşlı uşaqlardır.
”Bu futbol oyunu olduğu üçün hər kəs hesab edir ki, qısa müddətdə böyük məbləğ əldə edə biləcək. Nəticədə bu oyunu oynayanlar cinayətə belə gedə bilirlər. Hətta öz evlərindən, qonşularından oğurluq edirlər ki, mərc oyunlarına pul qoya bilsinlər. Hesab edirəm ki, digər tərəfdən bu həm uşaqların, həm də tələbələrin əxlaqını pozan bir oyundur. Ona görə də bu oyunlar qadağan olunmalı, bütün məntəqələr bağlanmalıdır”.
Hüquqşünasın sözlərinə görə, “Topaz” oyunlarında çox böyük dövrüyyədən söhbət gedir və pullar müəyyən şəxslərin ciblərinə axır. Onun fikrincə, qumardan qazanılan pulların dövlət büdcəsinə daxil olması belə, əxlaq normalarına uyuşmur.
”Ona görə də bütün “Topaz” məntəqələri ləğv olunmalıdır. Bakı şəhərinin hər bir küçəsində 10-a yaxın oyun məntəqəsi var. Bu məntəqələrdə qumar oynanılır. Bunun başqa bir adı yoxdur”.
Hüquqşünasın sözlərinə görə, dövlət səviyyəsində bu məsələ həll edilməlidir:
“Mən ailələr, iş adamları tanıyıram ki, məhz bu oyunlarda qoyulan vəsaitə görə müflis olublar. Ona görə də kütləvi sürətdə əxlaqsızlığı, mənəvi pozğunluğu həyata keçirən bu qurum ləğv edilməlidir. Qumarın leqallaşdırılmasına yol vermək olmaz, bu bizim həm mənəviyyatımıza, həm dəyərlərimizə, həm də inancımıza ziddir. Bütövlükdə Azərbaycan əxlaqını dağıdan bir məsələdir”.
Ə. Nuriyev bildirib ki, bu cür mərc oyunlarının rəsmi səviyyədə təbliği və təşviqinə yol vermək olmaz.
”Ondan gələn gəlir Azərbaycan üçün heç nədir, onda gərək ölkədə kazinolara da icazə verilsin.
Cənab prezident İlham Əliyev çıxışlarında hər zaman əxlaqi, mənəvi dəyərlərin Azərbaycan cəmiyyəti üçün çox önəmli olduğunu bildirir. Buna əməl edilməsini hər bir şəxs üçün vacib sayır. Ona görə də düşünürəm ki, bu baxımdan qumar oyunları ləğv edilməldir”.
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova bildirib ki, bu cür mərc oyunları hər bir insanın diqqətini cəlb etdyindən müdiriyyət azyaşlı uşaqların içəri daxil olmasına icazə verməməlidir.
Onun sözlərinə görə, böyüklərin də belə oyunlarda iştirakı ailədəki münasibətlərə çox mənfi təsir göstərir.
Psixoloqun fikrincə, yeniyetmə uşaqlar bu cür oyunlar vasitəsilə özlərini təsdiq etmək istəyirlər. “Əgər uşaqlar bu oyunlarda çox vaxt keçirirsə, deməli valideynlər bilməlidir ki, onlar uşaqlarına diqqət yetirmirlər. Yeniyetmələr, yəni 13-17 yaşarası uşaqlar həmişə çalışırlar ki, valideynlərinin əksinə hərəkət etsinlər”.
Narınc Rüstəmova bildirib ki, bu cür uşaqlar üçün valideynlər gərək mütəxəssis köməyindən istifadə etsiblər.
Sevinc İLTİFATQIZI