ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Robert Bradtke (ABŞ) birgə bəyanatla çıxış ediblər.
Modern.az AzərTAc-a istinadən bildirir ki, bəyanatda həmsədrlərin Azərbaycan-Ermənistan sərhədi boyunca və qoşunların təmas xəttində atəşkəsin pozulması, insanların ölümü və yaralanması ilə nəticələnən son hadisələrdən dərin narahatlığı ifadə olunub. Qeyd edilib ki, bu cür mənasız hadisələr tərəflərin güc tətbiq etməmək və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli ilə bağlı üzərlərinə götürdükləri öhdəlikləri pozur və prezidentlər İlham Əliyev ilə Serj Sarkisyanın 2012-ci il 23 yanvar tarixli bəyanatının ruhuna ziddir.
Bəyanatın sonunda bildirilir: "Həmsədrlər insan həyatının itirilməsi ilə bağlı hər bir hadisəni kəskin şəkildə qınayır və münaqişənin dinc danışıqlar yolu ilə həllinə heç bir alternativin olmadığını vurğulayırlar. Həmsədrlər tərəfləri 1994-cü ildə bağlanmış atəşkəs rejiminə riayət etməyə və vəziyyətin kəskinləşməsinə aparan tədbirlərindən çəkinməyə çağırırlar”.