Bizim kənddə Sədiyar adlı bir ağsaqqal vardı. Sədiyar kişi xeyirə-şərə yarayan adam idi. Toy olanda gəlin maşınının qabağında onu oturdardılar. Rəhmətlik əliaçıq adam olduğu üçün maşının qabağını kəsən dəcəl uşaqların hamısına pul verərdi. Hüzr mərasimlərində isə Sədiyar kişinin yeri məclisin başında olardı. Kənd ağsaqqalları onun başına toplaşardılar. Xeyirə-şərə yarayan adam olduğu üçün kənd camaatı Sədiyar kişini indi də ehtiramla yad edirlər.
Sədiyar dayı əsl məclis adamı idi. O, çayı tünd içər, kababın yağlı tikəsini dişinə çəkərdi. Yeyib-içməklə arası olmayan adam da onun yanında oturanda, iştahı açılardı. Buna görə də xeyir-şər məclislərində hamı çalışardı ki, Sədiyar kişinin yanında özünə yer eləsin. Bir gün yenə kənddə hüzr düşür. Sədiyar kişi məclisə hamıdan əvvəl gəlib, başda öz yerini tutur. Sonra isə yavaş-yavaş ağsaqqallar gəlib, onun ətrafında cəm olurlar. Əvvəlcə məclisə çay və konfet gəlir. Qənd qabında cəmi bir şkolad varmış. Sədiyar kişi ədəb-ərkanla həmin şkoladı götürüb, belə deyir: “Siz bilirsiniz ki, mən şkoladı xoşlayıram. Buna görə də bu şkoladı mən yeyəcəyəm”. Hamı bir ağızdan dillənir: “Nuş olsun”.
Günorta süfəyə aş gəlir. Adətə uyğun olaraq, plovun yanında böyük bir boşqab aş qarası da gətirirlər. Sədiyar kişi heç kimə macal vermədən sümüksüz tikələrin hamısını öz boşqabına yığır. Sonra isə istehza ilə onun süzən adamlara baxıb, belə deyir: “Siz bilirsiniz ki, mən sümüksüz tikələri çox xoşlayıram. Buna görə də qara tikələrin hamısını mən yeyəcəm”.
Yenə hamı bir ağızdan dillənir: “Nuş olsun”.
Yeməkdən sonra masaya meyvə gətirirlər. Kənd yerində meyvə çox olsa da, o vaxt bizim tərəflərdə mandarin tapılmırdı. Buna görə də hüzr mərasimlərində hər meyvə qabına cəmi bir mandarin qoyurdular. Sədiyar kişi həmin mandarini səliqə ilə soyub, öz boşqabına yığandan sonra belə deyir: “Siz bilirsiniz ki, mən mandarini çox xoşlayıram. Buna görə də bu mandarini mən yeyəcəm”. Bu dəfə heç kim “Nuş olsun” demir.
Həmin məclisdə Əbülfət müəllim Sədiyar kişi ilə üzbəüz oturubmuş. Onlar qapıbir qonşu olsalar da, araları soyuq idi. Sədiyar kişinin hərəkətlərini diqqətlə izləyən Əbülfət müəllim axırda dözməyib, belə deyir: “Ay rəhmətliyin oğlu, sənin xoşladığın nemətlərin hamısını biz də xoşlayırıq. Amma imkan vermirsən ki, əlimizi nəyəsə uzadaq”.
Bir YAP-çı tanışım var. Hakimiyyətdə ortabab vəzifə sahibidir. Yeyib-işməyi, istirahət etməyi xoşlayır. Mən onun adını Sədiyar qoymuşam. Bir ay əvvəl mənə zəng vurub, belə dedi: “Müəllim, Göy-gölə balıq tutmağa gedirik. Sən bilirsən ki, balıq tutmaq mənim hobbimdir”. Mən ondan Göy-gölün qoruq olduğunu, orda necə balıq tutduqlarını soruşanda, belə cavab verdi: “Bu ölkənin hər yerində bizim qarşımızda yaşıl işıq yanır”.
YAP-çı tanışım ötən həftə məni arayıb, Qəbələyə cüyür ovuna getdiklərini dedi. Mən ona cüyür ovlamağın qadağan olduğunu xatırladanda, yenə eyni cavabı verdi: “Bu ölkənin hər yerində bizim qarşımızda yaşıl işıq yanır”.
Tanışım xəsis adam deyil. O, ayda ən azı bir dəfə Bakının ən bahalı restoranlarında mənə qonaqlıq verir. Hansısa yazımı bəyənəndə bu qonaqlıqların sayını ikiyə qaldırır. Dünən “qafqazinfo”da “Arsızlar” yazımı oxuyub, mənə zəng vurmuşdu. Biz “Gənclik” metrosunun yaxınlığındakı bahalı restoranların birində şam etdik. Əvvəlcə quzu kababı, sonra balıq, lap axırda isə bildirçin sifariş verdi. Süfrədə ən azı 20 cür soyuq yemək vardı. O, hər dəfə yağlı tikələri dişinə çəkəndə belə deyirdi: “Sən bilirsən ki, mən kabab yeməyi çox xoşlayıram”. Tanışım balıq yeyəndə də, bildirçinin körpə sümüklərini dişlərinin arasında xırçıldadanda da eyni sözləri təkrarladı.
Qeyri-ixtiyari olaraq, Sədiyar kişi ilə Əbülfət müəllimin dialoqunu xatırladım. Özümü saxlaya bilməyib dedim: “Ay müəllim, Sizin iştahla yediyiniz bu yeməkləri hamı xoşlayır. Amma imkan vermirsiniz ki, qara camaat evinə bir kiloqram ət alsın”.
Tanışım tənqidə dözümlü adam imiş. O, məni səbirlə dinləsə də, xətrimə dəyəcək heç bir söz demədi. Əksinə, meyvə qabından bir mandarin götürüb, səliqə ilə soymağa başladı. Sonra isə dilimlədiyi mandarinlərin yarısını özünün, yarısını isə mənim boşqabıma qoydu. Mən buna çox sevindim. Deməli, artıq YAP-çılar da başa düşürlər ki, Allah-Təala yer üzündəki naz-nemətləri ancaq onlar üçün yaratmayıb...