Modern.az

Azərbaycan səfirinin Tacikistan prezidentindən istəyi

Azərbaycan səfirinin Tacikistan prezidentindən istəyi

Təhsil

29 Aprel 2012, 16:47


Modern.az
xəbər verir ki, Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov etimadnaməsini prezident İmoməli Rəhmona təqdim edib.

Etimadnamənin təqdim edilməsi mərasimindən sonra, ikitərəfli söhbət zamanı səfir Abbasəli Həsənov Tacikistan prezidenti İmoməli Rəhmona Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin salamlarını çatdırıb.

Səfir bildirib ki, coğrafi uzaqlığa baxmayaraq iki dost, Azərbaycan və Tacikistan xalqları tarixən iqtisadi, ticari, elmi və mədəni əlaqələrini inkişaf etdiriblər. Abbasəli Həsənov eyni zamanda qeyd edib ki, mart ayının 5-də Düşənbə şəhərində Azərbaycan-Tacikistan Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökümətlərarası Komissiyasının iclasının yekununda bütün sahələr üzrə imzalanmış protokolun həyata keçirilməsi istiqamətində iş aparılır və bəzi uğurlar var, lakin görüləcək işlər çoxdur.

Prezident İmoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə onun salamlarını çatdırmağı xahiş edərək, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük ehtiyac olduğunu vurğulayıb. Eyni zamanda bildirib ki, Azərbaycan-Tacikistan Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökümətlərarası Komissiyanın fəaliyyətini məqbul hasab edir. Və komissiyanın növbəti iclasınadək bütün sahələr üzrə nəzərdə tutulmuş işlər həyata keçirilməsinin tərəfdarı olduğunu deyib.

Daha sonra, prezident İmoməli Rəhmon Sovet İttifaqı dövründə Tacikistanın sənaye müəssisələrinin yaranmasında, həmin dövrdə SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini Heydər Əliyevin müstəsna xidməti və dəstəyi olduğunu xüsusi ilə qeyd edib.. Həmin dövrdə Tacikistanda Heydər Əliyevin dəstəyi ilə bir çox zavod, fabrik cə sair sənaye obyektləri tikilib, o cümlədən “Nurek” SES və Kurqan-Tyube – Kulyab dəmir yolu.
“Buna görə də Tacikistan xalqı daim Heydər Əliyevin xatirəsini qəlbində yaşadır”- prezident deyib.

Səfir A.Həsənov vurğulayıb ki, Azərbaycanla Tacikistanın ikitərəfli münasibətlərinin inkişafına maneə törədən başlıca amillərdən biri də iki ölkə arasında birbaşa hava əlaqəsinin olmamasıdır.

Bu istəyin, arzunun hər iki ölkədə yaşayan qarışıq ailələrin və onların çox saylı qohumlarının arzusu və istəyi olduğunu da bu yaxınlarda Azərbaycanla Tacikistan arasında ilk dəfə həyata keçirilmiş “Telekörpü” televiziya layihəsində səsləndiyini səfir A.Həsənov prezident İ.Rəhmonun diqqətinə çatdırıb.

Tacikistan Prezidenti İ.Rəhmon ikitərəfli münasibətlərin inkişafında Düşənbə-Bakı təyyarə reysinin vacibliyini qeyd edərək bildirib ki, o, öz tərəfindən lazımı tədbirlərin görülməsi üçün müvafiq göstəriş verəcək.

Ləman Ağayeva
Düşənbə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu