Modern.az

Göz xəstəlikləri, onun müalicə yolları

Göz xəstəlikləri, onun müalicə yolları

30 Aprel 2012, 09:16

Quru göz sindromu göz həkimlərinin ən çox qarşılaşdıqları göz xəstəliklərindən biridir. Bu, göz yaşının çatışmazlığının əlamətidir. Göz yaşı göz almasının üst – bayır tərəfində, üst göz qapağının altındakı göz yaşı vəzisində ifraz olunur. Hər göz qırpmaqda göz yaşı göz üzərində bərabər miqdarda yayılır.

Göz ətrafındakı göz yaşı vəzilərindən ifraz olunan və göz qapaqlarının qırpılması ilə göz üzərində bərabər yayılan göz yaşı göz qırpma nəticəsində alt və üst göz qapaqlarının burun tərəfində yerləşən kiçik dəliklər və kanalcıqlar (punktumlar) vasitəsilə axaraq gözü tərk edir. Ağlayarkən burun axmasının səbəbi gözdən gələn göz yaşının göz qapaqlarındakı dəliklərdən başlayaraq kanallar vasitəsilə burun boşluğuna keçməsidir.

Göz yaşının tərkibində sudan başqa yağ, protein, elektrolit kimi maddələr var və onların az və ya çoxluğu göz yaşının keyfiyyətini poza bilər. 

Göz yaşının əhəmiyyəti. Göz yaşı toz, duman, külək kimi müxtəlif təsirlər səbəbindən kirlənən göz səthini təmizləyir və iltihablanmasının qarşısını alır. Göz qırpılması nəticəsində bütün göz səthinə yayılır və göz səthini nəmləndirir.

Göz yaşı iki cür olur: daimi göz yaşı və reaksiya göz yaşı. Daimi göz yaşı göz üzərinin hər zaman nəm qalmasını təmin edir və az ifraz olunur. Reaksiya göz yaşı isə aglama və allergiya, gözə toz və ya yad cisim düşməsi zamanı gözün reasiyası nəticəsində ifraz olunur.

Hər iki halda göz qapaqları ilə göz səthi arasındakı sürtünmə azalır. Ağlama və ya gözdə zədələnmə hallarında normadan artıq göz yaşı ifraz olunması refleks göz yaşı ifrazı adlandırılır və tərkibcə normal göz yaşından fərqlənir. Paradoks  kimi görünsədə, gözü sulanıb yaşaran insanlarda da quru göz sindromu ola bilər.

Quru göz sindromunun səbəbləri və xəstələrin şikayətləri

Quru göz sindromu müxtəlif səbəblərlə bağlı ola bilər. Göz yaşı ifrazı kişi və qadınlarda yaş artdıqca azalır. Yaşlanma ilə əlaqədar göz yaşı vəzilərində ifraz olunan yağ miqdarı azalır və göz yaşının buxarlanma və göz üzərində qalma müddəti qısalır. Bu hal qadınlarda daha çox rast gəlinir. Xüsusilə klimaksdan (menopauza) sonra hormonal dəyişikliklərlə əlaqədar olaraq qadınlarda quru göz sindromu daha çox təsadüf edilir.

Isti, quru və küləkli hava, sərinkeş və siqaretdən istifadə edilməsi də quru göz sindromuna səbəb ola bilər. Uzun müddət kitab, qəzet oxumaq, televiziya ekranına baxmaq və kompyuterdən istifadə etmək də quru göz şikayətləri yarada bilər. Bunun səbəbi həmin müddətdə göz qırpma sıxlığının azalması və göz yaşının göz üzərində qalma vaxtının qısalmasıdır.

Kontakt linzalar göz yaşını içinə çəkməsi və göz yaşının göz alması üzərində yayılmasını pozması nəticəsində linzadan istifadə edənlərin çoxunda quru göz şikayətləri meydana gəlir və nəticədə həkimə müraciət etməli olurlar.

Göz quruluğunun səbəbləri:  

·       Kontakt linzalardan istifadə 

·       Lazerlə göz əməliyyatı  

·       Sərinkeş və qızdırıcı olan mühitlər  

·       Sıx işığa məruz qalma 

·       Uzun müddət televizora baxmaq və ya kompyuterdən istifadə etmək 

·       Siqaret tüstüsü və ya digər dumana məruz qalma  

·       Revmatizm xəstəliyi 

·       Göz təzyiqi 

·       Yaşın çoxluğu 

·       Yuxu gətirici və antidepressant dərmanlar  

·       Uzun müddət gözün qırpılmaması  

·       Oksigen, nəm və havasız mühitlər… 

Göz quruluğunun əlamətləri:

·       Gözdə qaşınma, yanma və  narahatlıq hissi  

·       Xüsusilə yuxudan qalxdıqdan sonra gözlərin içində qum varmış kimi batma hissi  

·       Gözdə uzun müddət qızartı 

·       Gözü qırpmaqla düzələn bulanıq görmə və görmənin zəifləməsi 

·       Gözdə yad cisim hissi, sulanma, gözün ağrıması 

·       Uzun müddət kitab oxuma, televizora baxma və ya kompyuterdən istifadə etdikdən sonra şikayətlərin artması 

Diaqnoz qoyularkən göz yaşının miqdarı, tərkibi və ya göz alması üzərində qalma müddətini təyin edən müxtəlif testlərdən istifad olunur.

Müalicəsi…

 Quru göz yaşı sindromunun müalicəsində xəstəyə şəxsi bir müalicə üsulu tətbiq edilmir. Çünki quru göz sindromunun müalicəsi yoxdur. Sadəcə müəyyən müddətə ağrını süni göz yaşı vasitəsilə aradan qaldırmaq olar. Quru göz sindromunun müalicəsinə başlamadan öncə, buna səbəb olan başqa səbəblər varsa aşkar edilməli və müalicəyə başlanılmalıdır. Göz quruluğunda erkən diaqnoz və müalicə vacib məsələdir. Müalicədə məqsəd gözün nəm quruluğuna səbəb olan faktoru aradan qaldırmaqdır. Məsəslən, quru havası olan mühitdə qalan biri havası nəm olan yer seçməli və ya uzun müddət kompyuter istifadə edən quru göz xəstəsi kompyuterdən istifadəni azaltmalıdır. Göz quruluğu xroniki hal aldıqda süni göz yaşları və ya cərrahi müdaxilə lazım gələ bilər.

Gözü nəm saxlamaq üçün göz yaşının yerini tuta biləcək süni göz yaşı tərkibli gel və damcılar mövcuddur. Həkim məsləhət gördükdə, xəstənin ehtiyacından asılı olaraq göz yaşı damcılarından gün ərzində 4 – 5 dəfə istifadə etmək olar.

Mövcud göz yaşını saxlaya bilmək üçün eynək kənarları bağlana bilər, gecələr yataq otağının nəmli olmasını təmin etmək olar və ya göz həkimi tərəfindən göz yaşının buruna axmasını təmin edən kanalcıq müvəqqəti və ya daimi bağlana bilər.

Bunlarla bərabər göz yaşı ifrazını artıran preparatlardan istifadə edilir, lakin tərləmə, bulantı, ürəkdöyünmə kimi əlavə təsirlərə malik olduğundan preparatlardan yalnız həkim nəzarəti altında istifadə etmək lazımdır.

Quru göz sindromunun profilaktikası üçün kompyuterdən istifadə edənlər hər saatdan sonra işi dayandıraraq on beş dəqiqə fasilə verməli və ya göz üçün məşqlər etməlidirlər: gözləri qırpmaq, uzaq – yaxına baxmaq. Gözləri ovmaq prosesi daha da pisləşdirə bilər.

Bəzi asan üsullarla, tam yaxşılaşdırmaq mümkün olmasa da, quru göz şikayətlərini azaltmaq olar. Xüsusilə, oxuyarkən və kompyuterdən istifadə edərkən gözləri tez – tez qırpmağa çalışmaq, gözləri qaşımamaq, ovmamaq lazımdır. Quru və sərinkeş olan otaqdan mümkün qədər uzaq olmaq, daha çox su içmək göz quruluğu şikayətlərini azalda bilər.

Quru göz müalicəsində istifadə olunan digər bir üsul göz yaşının burun boşluğunun içərisinə axmağının qarşısını almaqdır, yəni göz yaşı dəliklərinin kiçik tıxaclarla bağlanılmasıdır.

Xalq təbabəti ilə müalicəsi…

 Dioskoreya bitkisinin kökü dəmlənilərək göz qapaqları yumulur, üzərlik və gülümbahar bitkisindən yarıbayarı götürülüb qaynadılır və islatmalar edilir. (Urfan Cabbarzadə - “Herba Flora” jurnalı )

Təmiz bal da bu xəstəliyin aradan qaldırılmasına kömək edir. El arasında vəhşi adlanan arı (çöl arısı) balından həm qida kimi istifadə etmək, həm də göz qapaqlarına, arada göz bəbəklərinə sürtmək xəstəliyin müalicəsi üçün sınanmş varinatdır.  

Azər SALEHLİ
Az
ərbaycan Tibb Universitetinin tələbəsi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU