Modern.az

Azərbaycanda "çiçəklənən" cinayət növləri....

Azərbaycanda "çiçəklənən" cinayət növləri....

30 Aprel 2012, 11:38

Ölkəmizdə törədilən cinayətlərin sayı ildən-ilə artır. Əvvəllər hansısa bir yerdə cinayət, avtoqəza olardısa, hamı təəccüblə hadisənin necə baş verdiyini və ölüm halının olub-olmadığı ilə maraqlanardı. Bu gün isə belə hallar o qədər çoxalıb ki, bəzən heç reaksiya belə, göstərmədən sadəcə, quruca səbəb axtarırıq. Görəsən, hazırkı dövrdə  hansı səbəbdən baş verən cinayətlər çoxluq təşkil edir?

Kriminalist, tədqiqatçı hüquqşünas İlqar Altay bildirir ki,  ictimai cinayətlər baxımından  birinci yerdə avtoqəzalar, sonra isə oğurluq halları dayanır.

“Statistikaya nəzər salsaq, görərik ki, bir il ərzində avtoxuliqanlıq nəticəsində ölənlərin sayı daha çoxdur. Bizim ölkədə avtoxuliqanlığı adi xuliqanlıqdan seçirlər. Adi xuliqanlıqla bağlı cinayət məcəlləsində  kifayət qədər xüsusi maddələr var. Amma avtoxuliqanlığa yüngül formada yanaşılır. Avtoxuliqanlığın  bir nəticəsi  də ictimai təlatüm, ictimai şok yaratmaqdır. Hesab edirəm ki, avtoxuliqanlıq  həm dövlət,  həm də cəmiyyət tərəfindən bir mənalı olaraq, qatı xuliqanlıq kimi qəbul olunmalıdır. Bununla bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir. Bizim ölkədə avtoxuliqanlığa qarşı yalnız dövlət yol polisləri mübarizə aparır. Fikrimcə, bu mübarizədə bütün polislər iştirak etməlidirlər. Avropa ölkələrində belə hallara qarşı bütün polislər birləşir”.

Kriminalistin sözlərinə görə,  avtoxuliqanlıqdan sonra oğurluq,  müxtəlif basqınlar, ictimai yerdə soyğunçuluq, quldurluq halları dayanır. İlqar Altay bıçaqlanma hallarının da çoxaldığını deyir:
“Bıçaqlanma hallarına gəldikdə,  bu gün ölkəmizdə bu, problemli məsələ olaraq qalır. Əsasən, cavan gənclər mübahisəli məsələləri bıçaq yolu ilə həll etməyə çalışırlar. Azərbaycan gəncliyinin mübahisəyə, bir-birinə üstün gəlmə, qrup halında birləşib dalaşmağa  meyli var. Bu mənəvi bir patologiyadır, son vaxtlar  da cəmiyyətdə özünü çox biruzə verir”.

Artan cinayətlər içərisində ailədaxili münaqişələri xüsusi vurğulayan ekspert hesab edir ki, buna əsas səbəb insanlarda yaranan ictimai gərginlikdir.
“Bu münaqişələrin baş verməsinə səbəb ictimai gərginlikdir ki, bu da özünü məişətdə göstərir. Azərbaycanda iqtisadi bölgünün ədalətsiz şəkildə aparılması ailələrdə mənəvi gərginliyin əmələ gəlməsinə səbəb olur. Bəzi insanlarda  bu gərginliklər ictimai mühitdə qanunları pozmaqla, bəzilərində  isə bu, ailədə özünü göstərir və nəticədə ailədaxili münaqişələr baş verir. Bəzi hallarda da bu münaqişələr ölümlə nəticələnir”.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  Ailə problemləri şöbəsinin müdir müavini Cəmilə Bağırova deyir ki, ailədaxili münaqişələrdə daha çox qadınlar zorakılığa məruz qalırlar.

“2012-ci ilin birinci rübü ərzində ailədaxili münaqişələr  və qadınlara qarşı törədilən zorakılıqlarla bağlı 31 nəfər müraciət edib. Biz də müəyyən qurumları, psixoloqları  cəlb etməklə,  bu problemlərin  həlli üçün   köməkliyimizi göstəririk. Qadınlara edilən zorakılıqlar içərisində psixoloji zorakılıq birinci yerdədir. Daha sonra fiziki zorakılıq dayanır. Bununla yanaşı, qadınlara  maddi baxımdan da zorakılıqlar edilir. Uşaqlarla birgə qadınların bizə müraciətləri  çox olur. Ailədaxili münaqişələrin acı nəticələnməməsi üçün çalışırıq ki, barışıq əldə edək. Bu da alınmayanda, müəyyən qurumlarla, icra hakimiyyəti ilə problemləri həll etməyə çalışırıq. 2 ay ərzində bu cür ailələrlə mütəmadi əlaqədə oluruq ki, görək bu ailələrdə vəziyyət nə yerdədir”.

Nihadə Eyyubova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər