Yer qabığında baş verən ən maraqlı geoloji prosseslərdən biri də palçıq püskürmələridir. Palçıq püskürmələri vulkanlar qrupuna aiddir və onlar normal (Etna,Stromboli və s.) vulkanlardan fərqli olaraq kiçik ölçülərə, az püskürmə məhsullarına, xüsusi yayılma ərazilərinə və s. xüsusiyyətlərə malikdirlər.
Palçıq vulkanlarının uzun müddətli və dünyanın bir çox regionlarında hərtərəfli öyrənilməsinə baxmayaraq, onların sirri hələ də tam öyrənilməyib.
Buna baxmayaraq, palçıq vulkanlarının püskürmə məhsullarından: neftdən yanacaq kimi, gilindən kərpic və keramzit istehsalı üçün xammal kimi, suyundan və palçığından bir sıra ( dəri, sinir sistemi və s. ) xəstəliklərin müalicəsində istifadə olunduğu qədimdən məlumdur. Palçıq vulkanlarının neft, qaz yataqlarının axtarışında birbaşa axtarış əlaməti olduğu da geoloqlara yaxşı məlumdur. Palçıq vulkanlarının maddi, müalicəvi və axtarış əlaməti kimi faydasından başqa onların yerləşmə qanunauyğunluğunda, püskürmə məhsullarının axımında, əmələ gətirdiyi kraterlərdəki formalarda olan gözəlliklərdən estetik zövq almaqla da bəhrələnmək olar.
Palçıq vulkanizmi mürəkkəb bir geoloji proses olmaqla Azərbaycanda, Rumıniyada, İtaliyada, İranda, Hindistanda, Birmada, Yeni Zelandiyada, Türkmənstanda, Ukraynada, Rusiyada, Gürcüstanda və dünyanın bir çox digər rayonlarında yayılıb. Bu regionlar arasında palçıq vulkanlarının sayına, fəaliyyətdə olmasına, miqyasına, müxtəlifliyinə və s. görə Azərbaycan ərazisi daha maraqlıdır. Azərbaycan ərazisində rast gəlinən palçıq vulkanları əsas etibarı ilə Abşeron neft-qazlı yarımadasında, Şamaxı-Qobustan, Kürətrafı, Bakı arxipelaqı və Xəzər sahili-Quba əyalətlərində cəmləşib.
Azərbaycan ərazisində olan palçıq vulkanlarını püskürmə intensivliyinə və fəaliyyətinə görə aktiv, passiv və sönmüş vulkanlar qrupuna bölmək olar. Aktiv palçıq vulkanlara səhtində qrup halında fəaliyyətdə olan qrifonları, salzaları olan, passiv vulkanlara isə səhtində tək-tək və xırda, kiçik ölçülü qrifonları, salzaları olanları aid etmək olar. Sönmüş palçıq vulkanlarda fəaliyyətdə olan qrifon və salzalara rast gəlinmir.
Palçıq vulkanlarının morfologiyası konus, kəsik konus, künbəz formalı, ölçüləri-oturacaqdakı en kəsimləri metr və kilometrlərlə ölçülür, püskürmə məhsulları isə palçıq brekçiyalarından, gillərdən, qumdaşlarından, gips, kalsit mineralından (bəzən pirit mineralı da müşahidə olunur), yanar qazlardan, neft məhsullarından, kükürdlü- qazlı sulardan ibarətdir. Bunlara da səbəb püskürmə intensivliyinin müxtəlifliyidir ki, onlarda da müəyyən bir qanunauyğunluq tapmaq hələki müəyyən qədər çətindir.
Azərbaycan ərazisinin Şamaxı-Qobustan əyalətində morfologiyasına, püskürmə məhsuluna, estetik gözəlliyinə görə və ekoturizm baxımından cox maraqlı olan “42-ci km” və “Kaftaran” palçıq vulkanları diqqəti daha çox cəzb edirlər.
“42-ci km” palçıq vulkanı. Bu vulkan Bakı-Şamaxı avtomobil yolunun 42-ci km-də yolun sağ sahilində yerləşir. Vulkan səhtində dəniz səviyyəsindən olan yüksəklik 310 m-dir. Palçıq vulkanının ümumi görünüşü aşağıdakı şəkildə verilmişdir . Vulkanın ərazisi (səhti) ilk baxışda ayın səhtini xatırladır.
Vulkan müstəvisində fəaliyyətdə olan çoxsaylı qrifonlara rast gəlinir. Bu qrifonlar zəncirvari şəkildə şimal-qərb istiqamətli ardıcıl düzülüşə malikdir ki, bu da onların eyni istiqamətli dərinlik qırılması ilə əlaqədar olmasına dəlalət edir. Onlar konusvari formada olmaqla oturacaq diametrləri 3-5 m , hündürlükləri isə 2-3 metrdir.
Qrifonların zirvəsində müşahidə edilən “kraterlərin” en kəsimləri 5 sm-dən 0,8 m-ə qədərdir. Vulkanın püskürmə məhsulu sulu (duru) palçıqdan, mazutlu palçıqdan və qaz qabarcıqlarından ibarətdir.
Vulkanın püskürmə məhsullarının qatılığı və axma istiqamətləri müxtəlifdir. Vulkanın püskürmə məhsulları əsas etibarı ilə gillərdən ibarətdir. Bəzi hallarda gips mineralına rast gəlinir.
42-ci km-də yerləşən vulkan özünün morfologiyası, püskürmə məhsulu və yola yaxınlığı (gediş-gəliş üçün rahatlıqı) baxımından eko-geoturizm obyekti kimi respublika əhəmiyyətli ola bilər.
“Kaftaran” qrupu palçıq vulkanları özünün püskürmə məhsulu, görkəmi və əhəmiyyətinə görə Qobustan palçıq vukanları arasında ən maraqlılarından biridir. Kaftaran palçıq vulkanları Bakı-Şamaxı yolundan cənub- qərbə doğru 20 km-də yerləşir. Vulkanın ümumi görünüşü qrifonların zəncirvari düzülüşündən və səpələnti halında olmasından ibarətdir və o, geniş və susuz bir vadini xatırladan ərazidədir. Dəniz səviyyəsindən olan yüksəklik 178 m-dir.
Palçıq vulkanın koordinatları 8807916 N; 4480805 E –dir. Burada 20-yə qədər qrifon və bir çox salzalar müşahidə etmək olar ki, bunların da diametri 2 metrə qədərdir. Qrifonlardan və salzlardan neft, mazut, sulu, qazlı palçıq qaynayır.
Aşağıdakı şəkildə salzalar və qrifonlarda palçıq və neftin növbələşməsindən konsentrik çevrələr əmələ gəlməsini və sonradan bu çevrələrdəki neftin bir istiqamə yönəlməsi ilə seçildiyini görmək mümkündür. Sonradan belə yerlərdə neftin buxarlanması hesabına qır qatının əmələ gəldiyi müşahidə olunur.
Şəkildən göründüyü kimi, burada qrifonlardan başqa salzalara da rast gəlinir. Qrifon və salzların 80% fəaliyyətdədir.Vulkan ətrafında qumdaşlarına, gipsə, gilə və s. rast gəlinir.
Vulkan qrupunun mərkəzi hissəsində qrifonlar intişar tapmışdır. Ətrafda isə neftli salzalar çoxluq təşkil edir. Belə salzalar üçün neft axımı xarakterikdir. Salzaların birində neft axımı axar bulağı xatırladır. Elə buna görə də bu salzanı neft “bulağı” adlandırmaq olar.
Neft “bulağı”ndan axan neftin hesabına burada görünən qalınlığı 1,0m-ə qədər olan qır qatı əmələ gəlmişdir.
Vulkan şose yoldan uzaq olsa da həm morfologiyasına, məhsuluna və s. xüsusiyyətlərinə görə çox maraqlıdır. Vulkan ərazisində neft yataqlarının axtarışı maraqlı olardı.
“Kaftaran” palçıq vulkanındakı neft, qır və s.məhsulların birbaşa yer səhtinə çıxması, bulaq kimi qaynaması, morfologiyası və s. bu vulkanı eko-geoturizm obyekti kimi istifadə etməyə əsas verir.
Respublikamız ərazisi çoxsaylı ( 350-400) palçıq vulkanları diyarıdır. Biz turizm obyekti baxımından, qısa da olsa, ancaq onların ikisi haqqında məlumat verdik. Bununla da məqsədimiz palçıq vulkanlarının geo, ekoturizm obyektləri olduğunu və bu obyektlər boyunca turizmi inkişaf etdirmək arzusudan ibarətdir.
F.Abdullayev, geoloq