Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyası ilə bağlı çağırış etdi. Bu çağırışdan sonra bir çox struktur nümayəndələri, eləcə də sıravi vətəndaşlar könüllü şəkildə qanvermə aksiyasına qoşuldu.
Lakin bəzi insanlarda hələ də qanvermə ilə bağlı sullar var. Qanvermənin insan orqanizminə müsbət, yaxud da mənfi təsirləri bir çox şəxsləri düşündürür.
Maraqlıdır, ümumiyyətlə qanvermənin insana mənfi, yaxud da müsbət təsiri ola bilər? Hansı hallarda bu nəcib aksiyaya qoşulmaq olmaz?
Məsələ ilə bağlı Modern.az-a danışan həkim Adil Qeybulla deyib ki, qanvermənin insan orqanizminə heç bir əks təsiri yoxdur, amma bəzi insanlar qan verə bilməz:
“Qan vermək üçün düzgün göstərişlər lazımdır. Yəni praktiki cəhətdən sağlam olan insanlar qan verməlidir. Qanında virus olmayan, talassemiya olmayan, anemiya olmayan insanlar qan verə bilərlər. Qan götürülən yerlərədə ilk olaraq bu müəyyənləşir. Əgər insanın sağlamlığında bir problem yoxdursa, qan verməklə bağlı heç bir narahatlıq yaranmaz. Əslində orqanimzdə qan tənzimlənir və köhnə qan hüceyrlərinin əvəzinə yeniləri əmələ gəlir. Yəni qan verməklə kimsə narahat olmasın ki, səhhətində problem yaranacaq”.
Qeyd edək ki, son bir neçə həftədir ki, əksər dövlət qurumları və özəl təşkilatların nümayəndələri də Prezident İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına dəstək məqsədilə qanvermə aksiyasında iştirak edirlər.