Milli Məclisin bu günki iclasında çıxış edən deputat Əli Əhmədov bu il Azərbaycan-Almaniya diplomatik əlaqələrinin qurulmasının 20 ili tamam olduğunu diqqətə çatdırıb:
“Hadisələrin gedişatı onu göstərir ki, Almaniya media qurumları bu yubileyi özlərinə məxsus şəkildə qeyd etmək istəyirlər. Almaniyanın Azərbaycandakı səfiri də bu məsəlyə qatılır və o da təxminən belə bir mövqedən çıxış edir”.
Daha sonra deputat son günlər baş verən hadisələrlə bağlı danışıb:
“Guya insan haqları ilə bağlı səfir bildirir ki, o Azərbaycanda insanların evlərinin sökülməsinə biganə qala bilməz. Azərbaycan hökümətinin məcburi köçkünlərə yaxşı ev tikməyini və şərait yaratmasını niyə diqqətdən kənar saxlayırlar?. Bakıda hər hansı bir yaşayış şəraiti pisləşmiş insanların oradan köçürülüb, yeni mənzillərlə təmin edilməsinə niyə bu şəkildə yanaşırlar?”.
Deputatın bu çıxışına münasibət bildirən spiker Oqtay Əsədov bunun aydın məsəslə olduğunu deyib:
“Şəhərin mərkəzində 1 kv.m sahəyə 1200 manat, bir az ətrafda isə 600-800 manat pul verilir ki, bu pula vətəndaş öz mənzil şəraitini yaxşılaşdıra bilər”.
Daha sonra O.Əsədov Azərbaycana qarşı olan xarici qüvvələrin bəlli olduğunu bildirib.
“Bir məsələni qeyd etmək istəyirəm ki, 1992-93-cü illərdə Azərbaycanda Fridrix Nauman Fondu fəaliyyət göstərib. Bu gün Azərbaycana qarşı fəaliyyət göstərən xarici qüvvələr vaxtilə həmin fondun Azərbaycanda işləmiş nümayəndələri ilə daha çox əməkdaşlıq edirlər. Aydın məsələdir ki, bu nə deməkdir.Amma onu deyim ki, Almaniya-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. Almaniya Bundestaqı 16 yaşlılardan ibarət deyil. Bunun kökündə başqa məsələlər durur” - deyə spiker vurğulayıb.
Deputat Siyavuş Novruzov bildirib ki, burada təbii ki, Almaniya xalqından söhbət getmir.
”Nauman Fondu və Almaniya səfiri artıq Azərbaycana qarşı qərəzli münasibətlərini göstərirlər. Rüşvət və insan haqları onları gerçəkdən maraqlandırırsa, niyə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində dağıdılan məscidləri və qəbiristanlıqların dağıdılması məsələsinə diqqət yetirmirlər?”.
Modern.az