Əvvəllər sosial şəbəkə istifadəçiləri, xüsusilə də tanınmış şəxslər "Facebook" platformasında gələn bütün dostluqları cavablayır, bununla da geniş kütlə əldə etməyə çalışırdı. Lakin son dönəmlər bu tendensiya bir qədər dəyişib. Belə ki, istər tanınmış, istərsə də sıravi şəxslərin “dostluq siyahımı təmizləyirəm” adlı paylaşımlar etdiyinin şahidi oluruq.
Bir zamanlar dostluq siyahısını genişləndirən şəxslərin hazırda bu addımı atmağına səbəb nədir? Hansı hallarda dostluq siyahısını azaltmaq yolu seçilir?
Bu sualla feysbuk sosial şəbəkəsində geniş izləyici və dost sayına malik olan şəxslərdən birinə - Real Partiyasının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərliyə müraciət etdik.
Modern.az-a danışan iqtisadçı-ekspert dedi ki, o da bəzən bu addımı atmağa məcbur olur:
“Artıq məndə illərdir ki, feysbukda dostluq limit dolub. Yəni 5000 dostum olduğu üçün yeni təklifləri qəbul edə bilmirəm. Bəzən mən də dostluq siyahımdan kimlərisə çıxarıram. Məsələn, kimsə, saxta hesab işlədirsə, yaxud söyüş-təhqir xarakterli yazılar paylaşırsa, həmin adamı dostluq siyahımdan çıxarıb yeni dostluq təklifləri qəbul etdiyim də olub. 1700 nəfər dostluq təklifi yollayıb ki, hazırda onların heç birini cavablaya bilmirəm. 5000 dostumdan əlavə 17000 izləyicim də var. Passiv istifadəçiləri də dostluqdan çıxarmıram, çünki fikir bildirməsələr də paylaşdığım məlumatları oxuyurlar, yeni informasiya əldə edirlər ki, bu da tam normal haldır. Bəzən adımı hansısa paylaşıma işarələyib mənimlə, yaxud da təşkilatla bağlı sual verirlər. Belə olan halda həmin sual və fikirlərə münasibət bildirirəm”.
Natiq Cəfərli əksər insanlardan fərqli olaraq ona tənqid ünvanlayanları dostluq siyahısından çıxarmadığını da deyir:
“Bəzi hallarda insanlar tənqidi götürmür deyə kimsə ona irad bildirəndə həmin adamı dostluqdan çıxarır, yaxud da sərt mövqe sərgiləyir. Lakin məndə bu hal tamamilə fərqlidir. Çünki tənqidə normal yanaşanlardanam. Məni və bizim təşkilatı əsaslı tənqid edənləri heç vaxt dostluqdan çıxarmamışam. Amma söyüşlə təhqir artıq mənim üçün qırmızı xətdir. Yəni insanlar danışa bilmirsə və öz fikirlərini söyüşlə ifadə edirsə, o insanların dostluq siyahımda olmağına ehtiyac yoxdur. Bəzi hallar da olub ki, davamlı mənə aid olmayan məsələlərlə bağlı sual yazan, ya da qeyri-etik mesaj yollayan şəxsləri dostluqdan çıxarmışam. Amma ümumilikdə mənə gələn mesajlar ixtisasımla əlaqəli, kiçik və orta sahibkarlar tərəfindən olur”.