Koronavirusun geniş miqyasda yayıldığı ölkələrdən biri də qardaş Türkiyədir. Belə ki, ölkədə 114653 nəfər virusa yoluxub 2992 nəfər pandemiya səbəbi ilə dünyasını dəyişib.
Hazırda qonşu ölkədə karantin rejimi hökm sürür, məhdudiyyətlər tətbiq olunur…
Türkiyədəki mövcud durumla bağlı orada yaşayan azərbaycanlı jurnalist Məhsəti Şərif Modern.az-a deyib ki, karantin rejimi iyun ayının sonuna qədər davam edəcək:
“Türkiyədə son 1 həftədir ki, vəziyyət yaxşıya doğru gedir. Ölüm sayında da, yoluxmada da azalma müşahidə olunur. Sağalanların sayı günü-gündən çoxalır. Bu həftə də 3 gün küçəyə çıxma qadağası tətbiq olundu, belə ki, cümə günündən etibarən küçəyə çıxmaq mümkün olmayacaq. Bağlanan iş yerləri alış-veriş mərkəzləri, bərbərxana və s. kimi yerlər hələ iyun ayının sonlarında vəziyyət stabil olarsa, hissə-hissə açılacaq. Bu da ki, hələ rəsmi qərar deyil. Virusdan sağalanların çox olması hələ heç nə demək deyil deyil. Ondan sonra da ciddi problemlər ortaya çıxır. Amma Türkiyədə hələ ki Ramazan ayının sonuna qədər qaydalarda yüngülləşmə olmayacaq. 65 yaşdan yuxarı şəxslərə və 20 yaşdan aşağı şəxslərə güzəşt tətbiq edilməyəcək”.
Türkiyədəki Azərbaycan vətəndaşları arasında daimi ünsiyyət olduğunu deyən jurnalist bildirib ki, bir nəfərin vəziyyəti ağırdır:
“Vətəndaşlarımızla daimi olaraqla ünsiyyət saxlayırıq. Hazırda bir vətəndaşımızın vəziyyəti kritikdir. Belə ki, virusa yoluxan Samirə adlı həmyerlimiz xəstəxanadan çıxdıqdan sonra halı pisləşib. Koronavirusa yoluxmazdan qabaq səhhəti yerində idi. Amma indi boğulur, huşunu itirir və dili tutulur. Ona köməklik göstərilməsi üçün həm öz ölkəmizdə, həm də Türkiyədə rəsmi idarələrə xəbər vermişik. Virus demək olar ki, qadını tamailə məhv edib, psixoloji problemlər də yaşayır. Onun həyat yoldaşı da koronavirusa yoluxmuşdu, amma o xəstəliyi yüngül keçirdi. İndi hər ikisi ev şəraitindədir. Qadın deyir ki, iynə vurub onu öldürsünlər, yetər ki, ağrıdan xilas olsun. Koronavirusun fəsadları, yan təsirləri virusun özündən də ağır olur”.