“Almaniyanın Azərbaycandakı səfiri bizə demokratiya dərsi demək istəyir. Ancaq öz ölkəsində 1 May zamanı insanlara qarşı baş verən hadisələrə diqqət edildikdə, məncə onun buna haqqı olmadığı görünür”.
Bu fikirləri Modern.az saytına açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının aparıcı fiqurlarından olan Eldar İbrahimov deyib.
O, qeyd edib ki, bu ilin mayın 1-də Almaniyada nümayişə çıxan insanların atların altına salınması, onlara qarşı gözyaşardıcı vasitələrdən istifadə edilməsi insan haqlarına qarşı olan məsələlərdir: “Almaniyanın Azərbaycandakı səfiri bu məsələyə diqqət yetirsin. Onun insan haqlarından danışmağa haqqı yoxdur.
Bu şəxs bir dəfə olsun bizim partiyanın dəvət etdiyi hansısa bir tədbirə qatılmayıb. Ancaq müxalifətlə bağlı qapılar arxasında söhbət edir. Bu münasibətin özü onun qərəzli mövqedə olmasından xəbər verir”.
Modern.az