Azərbaycanda aliment və digər cərimə borcları olan şəxslər onlayn ödəmə ilə borclarını ödəyə bilər.
Modern.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə onlayn brifinq zamanı bildirib.
Onun sözlərinə görə, bununla bağlı Ədliyyə Nazirliyi ASAN Xidmətlə birlikdə bu ödənişin onlayn ödənilməsinə şərait yaradıb:
"Elektron hökumət portalı ilə onlayn ödəmə vasitəsilə borclu şəxs evindən birbaşa borc və alimentləri ödəyə biləcək. Hər hansısa səbəbdən nağdsiz ödəniş edə bilməyənlər respublika ərazisində yerləşdirilən 500-ə yaxın ödəniş terminalları vasitəsilə borcları ödəmək imkanı verilib. Bununla yanaşı, bilirsiniz ki, aliment ödənişi və digər borcu ödəməyən şəxslərin ölkədən çıxmasına qadağa qoyulur. Bu müddət ərzində həmin şəxslər onlayn ödəmə vasitəsilə alimenti evindən ödəməklə ölkədən çıxmasına qoyulan qadağanın götürülməsinə nail ola biləcək. Vətəndaş borcu ödəyən kimi biz dərhal bu barədə Dövlət Sərhəd Xidmətinə məlumat ötürəcəyik və şəxsin ölkədən çıxığına qoyulan qadağa götürüləcək. Bir sözlə, vətəndaşlar evdən çıxmadan bütün ədliyyə xidmətlərindən istifadə edə bilərlər”.