Gəncənin kiçiktutumlu mikroavtobusları ortatutumlu avtobuslar əvəz edir. Bu barədə məlumatı Gəncədə sərnişindaşınma ilə məşğul olan “Simurq” kompaniyasının rəhbəri Sabit Bağırov verib. Onun sözlərinə görə, Gəncənin kiçiktutumlu mikroavtobuslarını orta tutumlu, yəni 18 oturacaqlı “Hyunday” markalı mikroavtobuslar əvəz edəcək. İlkin mərhələdə 13 ədəd belə avtobus şəhərə gətirilərək istifadəyə verilib.
“Yeni 55 avtobusun sifarişi artıq verilib. Yaxın vaxtlarda onlar şəhərə gətiriləcək. Koreya istehsalı olan bu avtobusların 18 oturacağı olmaqla yanaşı, nəqliyyat vasitəsində 20 nəfərdə ayaq üstə dura bilər ” - deyə S.Bağırov bildirib.
O, qeyd edib ki, gətirilən avtobuslar əvvəlkilər kimi şəhərin mərkəzi ilə hərəkət edən marşrutlara buraxılacaq.
“Yeni avtobuslar gələndən sonra “Qazel” markalı mikroavtobuslar yığışdırılacaq. Yalnız şəhərdən kənar xətlərdə onların işləməsinə icazə veriləcək” - deyə, S.Bağırov bildirib.
Hazırda Gəncədə sərnişindaşınma ilə bağlı 6 şirkət məşğul olur. Kiçiktutumlu mikroavtobusların sayı 300-ə yaxındır. Bu nəqliyyat vasitələrinin əksəriyyəti də ötən əsrin 90-cı illərinin istehsalı olan “QAZel”lərdir.
Modern.az