Modern.az

Milli Məclisdə “daşa dirənən” qanun layihəsindən nə xəbər var?

Milli Məclisdə “daşa dirənən” qanun layihəsindən nə xəbər var?

Parlament

3 May 2012, 11:35

“Elm siyasəti haqqında” qanun layihəsi artıq bir neçə dəfədir ki, Milli Məclisin sessiyalarının qanunvericilik işlər planına salınır. Amma qanun layihəsi bu günədək parlamentin plenar iclaslarında müzakirəyə çıxarılmır. Məsələn, 2010-cu ilin yaz sessiyası, 2011-ci ilin yaz və payız sessiyaları, eləcə də 2012-ci ilin yaz sessiyasının qanunvericilik işlər planında bu qanun layihəsinin adı qeyd edilir, amma plenar iclaslarda bir dəfə də olsun müzakirə olunmur.

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, millət vəkili Bəxtiyar Əliyevdən münasibət öyrənməyə çalışıb.

““Elm siyasəti haqqında” qanun layihəsi Milli Məclisin, eləcə də Elm və təhsil komitəsinin yaz sessiyasının gündəliyinə salınıb. Qanun üzərində işçi qrup işləyir, Azərbaycan Milli Elmlər Akademiyası və aidiyyatı qurumlara göndərilib. Onlarda da işçi qruplar işləyirlər” deyən millət vəkili qeyd edib ki, onların bəzilərindən hələ əlavə və təkliflər alınmayıb.

“İşçi qrup həmin alınmış əlavə və təklif əsasında “Elm siyasəti haqqında” qanunun layihəsinin  üzərində işləyir və çox gümanki bu iş başa çatdıqdan sonra aidiyyatı təşkilatların iştirakı ilə komitədə müzakirə olunacaq, sonra da yaz sessiyasının plenar iclaslarından birinə tövsiyyə ediləcək”.

B.Əliyevin sözlərinə görə, bu elə bir fundamental qanundur ki, burada Azərbaycanın gələcəkdə elmi inkişaf konsepsiyasının hansı istiqamətdə işlənməsi və qanunvericilik bazasının necə olması nəzərə alınmalıdır ki, sonra boşluqlar olmasın.

“Çünki istər Milli Elmlər Akademiyası, istər bəzi sahə nazirliklərinin elmi tədqiqat instutlarında və eləcə də ali məktəblərdə elmi tədqiqat işləri aparılır. Bunların bir tərəfdən koordinasiya edilməsi, digər tərəfdən bütün işlərin birgə yerinə yetirilməsi, bazası zəif olanların isə daha güclü baza əsasında birləşməsi məsələləri var. Qanunvericilikdə buna imkan yaradılmalıdır ki, elmi potensial daha da gücləndirilsin və elmi araşdırmaların təkcə nəzəri səviyyədə deyil, praktikada da tətbiqi üçün geniş imkanlar yaradılsın”.

“Elm siyasəti haqqqında” qanun layihəsini Millli Məclisin plenar iclasında müzakirəyə çıxarmağı nəzərdə tutduqlarını deyən deputat qeyd edib ki, bu aparılan müzakirələrdən aslıdır.

“Əgər komitədə ciddi iradlar bildirilərsə o zaman layihə yenidən işçi qrupa qaytarılacaq. Yaxud komitənin müzakirələrindən keçib plenar iclasa çıxarılarsa və bu oxunuşda deputatlar tərəfindən ciddi iradlar deyilirsə, şübhəsiz ki, onun üzərində işlənməli, qanun mükəmməl şəkildə hazırlanmalı və  yenidən növbəti oxunuşlarda plenar iclasa çıxarılmalıdır” deyə Bəxtiyar Əliyev vurğulayıb.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım