“Mən heç vaxt millətimi, xalqımı təhqir etmərəm”
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli onun DAK-ın Gürcüstan üzrə nümayəndəsi seçilməsinə etiraz edən ictimai birliklərə sərt cavab verib. Z.Məmmədli haqqında yayılan xəbərlərlə bağlı Modern.az-a açıqlamasında bildirib ki, onun fəaliyyətindən narazı olan insanlar əslində başqa məqsədlərə malikdirlər.
“Bu təbiidir. Burda qeyri-adi heç nə yoxdur. Haqqımda yazılan mətni diqqətlə oxuyan oxucu özü nəticə çıxaracaq. O cür insanların belə davranışı normaldır. Çünki onların təfəkkürləri buna uyğundur. DAK-ın İdarə Heyətində Zəmimxan Məmmədli yekdilliklə görəv alıbsa, bunun nəyi sizin üçün pisdir? Onlar bilməlidirlər ki, biz Borçalımızın problemlərini daha geniş auditoriyaya daşıyacağıq. Bundan niyə narazı olmalıdırlar? Görünür həmin insanların belə davranmalarında başqa məsələlər var. Baxmayaraq ki, DAK-ın parçalanma sindromu Azərbaycanda dəbdədir orada Azərbaycanın milli maraqlarına xidmət edən insanlar cəmləşiblər. Amma indiki halda təmsil olunduğum DAK Borçalı probleminin həll olunmasında həm Borçalı cəmiyyətinə, həm də Borçalı türklərinə fayda verəcək”-deyə Z.Məmmədli vurğulayıb.
Gürcüstanda fəaliyyət göstərən ictimai birliklərin narazılığına tuş gələn Z.Məmmədli Borçalı türklərini təhqir etməsi ilə bağlı haqqında yayılan məlumatların yalan olduğunu deyib. Onun sözlərinə görə, bəzi insanlar yalan məlumatlar yaymaqla insanları aldatmağa çalışırlar:
“Bu doğru deyil. Milli dava yolunda olan bir adam milləti təhqir edə bilərmi? Bunlar yalnış fikirlərdir. Heç bir həqiqətə uyğun deyil”.
Qeyd edək ki, DAK-ın aprelin 12-13-də Ukraynanın Donetsk şəhərində keçirdiyi qurultayda “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin təşkilatın Gürcüstan üzrə nümayəndəsi təyin edilməsinə etiraz olaraq Gürcüstanda fəaliyyət göstərən bir qrup ictimai birlik və qeyri-hökümət təşkilatı bəyanat yayıblar.
Anar RÜSTƏMOV