Modern.az

“Gözətçi köpəklər”in azadlığı

“Gözətçi köpəklər”in azadlığı

Media

3 May 2012, 14:04

Jurnalistə o həddə azadlıq verilməlidr ki, bu, ona və cəmiyyətə problem yaratmasın- Pol Stenli

Media ictimai rəyi formalaşdıran, dövlət siyasətini ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən, maariflənməyə xidmət edən bir ictimai institutdur. Bu funksiyalarını yerinə yetirməsi üçün mediaya, jurnalistlərə azadlıq verilməlidir. Lakin, bu azadlığın hansısa çərçivələr daxilində olub-olmaması daim müzakirə obyektidir.

Fikrimcə, bu məsələyə 2 kontekstdən yanaşmaq olar- söz və mətbuat azadlığı müəyyən çərçivələr daxilində və ya ultra-azadlıq kimi. Nəzəri və praktiki cəhətdən hər iki aspektdən yanaşmada problemlərin olduğu sirr deyil.

1. Media və söz azadlığına çərçivə qoyulduqda dövlət məmurları və başqaları bundan sui-istifadə edir, jurnalistlərə təzyiq göstərir, cəmiyyətə çatdırılması vacib olan informasiyaları ustalıqla gizlədə bilirlər.

2. İfrat-azadlıq şəraitində  isə, jurnalistlər özü bu durumdan sui-istifadə edə bilər, cəzasızlıq sindromunun yaratdığı imkanlardan şəxsi və korparativ maraqlar üçün yararlana  bilər.

Belə antipod arqumentlər cəmiyyətdə və hökumət dəhlizlərində müzakirəyə çıxarılan diffamasiya məsələsini gündəmə gətirir. Beynəlxalq təşkilatların da bu məsələdə hökumətə təzyiqləri var. Amma hökumət rəsmiləri bunun qarşısına tutarlı əks-arqumentlər çıxara bilirlər.

Çünki, ölkədə mediadan şəxsi məqsədləri üçün istifadə, şərəf-ləyaqətin ləkələnməsi, insan hüquqlarının pozulması, özəl və işğüzar həyata müdaxilə, milli və dini zəmində qarşıdurma yaratmağa cəhdlər, anti-dövlət təbliğatı aparma  hallarına kifayət qədər rast gəlinir.

Bu durumda “media azadlığı necə tənzimlənməlidir”, ya da “söz azadlığına hansısa çərçivələr qoyulmalıdırmı” sualları ortaya çıxır. Bu məsələnin həll olunması üçün ideal olmasa da, sınaqdan çıxmış praktikalar yox deyil.

Lakin, nəzərə almaq lazımdır ki, numunə göstərilən ölkələrin hamısında media qanunvericiliyi, jurnalistika ənənələri, ictimai münasibətlər sistemi eyni deyil. Eyni olan etik kodekslərdir ki, bu da məcburi xarakter və hüquqi status daşımır.

Bundan başqa, hər cəmiyyətin öz realıqları, mənəvi-psixoloji mühiti, ictimai qınağın səviyyəsi burada əsas yer tutur. Bu üzdən də dünya təcrübəsi ilə milli ənənələri uzlaşdıraraq hər 3 tərəfi (cəmiyyət, dövlət və media) qane edəcək optimal tənzimlənmə mexanizmi tapılmalıdır.

Azərbaycanda mətbu orqan təsis etməkdə məhdudiyyətlərin götürülməsi, internet medianın sürətli inkişafı müsbət tendensiyalardandır. Lakin, bu hələ tam azadlıq demək deyil.

İfrat mətbuat azadlığı anarxiyaya və özbaşınalığa, insan hüquqlarının və qanunların pozulmasına, milli və dövlət maraqlarının zərbə altına qoyulmasına gətirib çıxara bilərmi? Bu yerdə vəziyyəti nəzəri cəhətdən nəzərdən keçirməyə ehtiyac var.

Tam nəzarətsiz, cəzasızlıq şəraitində, mətbuat vasitəsinin dövlət orqanından icazə alınmadan fəaliyyətə başlaya bilməsi, istədiyini yazması kimi ultra-azadlıq mühitində keçid dövrü yaşayan bir cəmiyyətdə və ölkədə aşağıdakılar baş verir:

1.KİV-in sayı ifrat dərəcədə artır, oxucu auditoriyasının parçalanması nəticəsində tirajlar aşağı düşür, gəlirlər azalır, peşəkarlar bu sahədən uzaqlaşır və onların yerini diletantlar tutur.

2.Cəzasızlıq sindromu böhtan, təhqir, şantaj kimi halların çoxalmasına gətirib çıxarır ki, bu da insan hüquqlarının pozulmasına səbəb olur.

3.Təhlükəli siyasi, dini və digər təşkilatlar mətbu orqanlar təsis etməklə cəmiyyətdə zərərli ideyaları təbliğ edirlər.

Media azadlığının boğulması zamanı isə fərqli problemlər meydana çıxır. Vətəndaşlar dövlətin işlərindən və ölkədə baş verənlərdən xəbər tuta bilmir. Bu zaman informasiyalar “simsiz teleqraf”la xalq arasında dolaşır, şayiələr baş alıb gedir, dövlətə inam azalır.

Beləliklə, ultra azadlığın və senzuranın olması şəraitində problemlərin yarandığı aydın olur. Lakin, hər məsələdə “qızıl orta” deyilən bir praktika da var ki, əksər hallarda o, öz müsbət təsirini göstərir.

Azərbaycanda bu 3-cü variantın daha optimal olduğu aydın görünür. İfrat azadlıqdan yararlanmayan, lakin senzura da qoyulmayan qəzetlər getdikcə daha çox populyarlaşır. Deyəsən, neytral, tərəfsiz, qanunlara və etik kodekslərə riayət edən, jurnalist obyektivliyi ilə peşəkarlığı bir araya gətirən qəzet dövrü başlayır.

***

3 may Ümumdünya Söz və Mətbuat Azadlığı günü münasibətilə bütün həmkarlarımı təbrik edirəm.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi