İrlandiyanın paytaxtı Dublin şəhərində “Yaxşı idarəçilik təcrübələrinin dəstəklənməsi və sosial-iqtisadi inkişaf naminə korrupsiyaya qarşı mübarizə” mövzusunda ATƏT-in 20-ci İqtisadi-Ekoloji Forumuna hazırlıq üzrə ikinci görüş keçirilib.
Modern.az saytının məlumatına görə, Korrupsiya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü, Milli Məclisin Elm və təhsil komitəsi sədr müavini Bəxtiyar Əliyev, Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf departamentinin rəis müavini Hüsniyyə Məmmədova, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri Rəna Səfərəliyeva və Qubad İbadoğlu görüşdə iştirak ediblər.
Toplantıda çıxış edən B.Əliyev Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirlər haqda məlumat verib və qeyd edib ki, ölkəmiz bu sahədə bir çox mühüm işlər görüb.
2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun qəbul olunduğunu xatırladan komissiya üzvü deyib ki, 2004-2006-cı illərdə “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı” həyata keçirilib. Bundan başqa 2007-ci ildə prezidentin sərəncamı ilə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" təsdiq edilib: “Milli strategiya korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının davamı olaraq həyata keçiriləcək çoxşaxəli, ardıcıl və mərhələli, uzun və qısamüddətli tədbirləri müəyyən edib. Milli strategiya korrupsiyaya qarşı mübarizənin əsas şərti kimi dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasını təsbit edir və müxtəlif istiqamətlərdə həyata keçirilməsi zəruri olan tədbirləri müəyyən edirdi. Bu proqram uğurla başa çatdırılıb və prezidentin tapşırığı əsasında növbəti beş il üçün yeni Dövlət Proqramı hazırlanır”.
B.Əliyev bildirib ki, Azərbaycan bir sıra yeni qanunlar qəbul edib, dövlət başçısı yeni sərəncam və fərmanlar imzalayıb, qanunvericiliyə əlavə və dəyişikliklər olunub, dövlət sektorunda çalışanların etik davranış qaydaları hazırlanıb, dövlət qulluğuna qəbulun şəffaflığı tam təmin edilib, ölkə beynəlxalq konvensiyalara qoşulub: “Bu sahədə görülən ən sonuncu iş isə Milli Məclisin “Siyasi partiyalar haqqında” qanun dəyişikliklər etməsidir. Dəyişikliklərə əsasən siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi müsbət həll edilib. Bu isə GRECO təşkilatı ilə aparılmış işlərin nəticədir. Belə ki, bəzi siyasi partiyalar maliyyələşmənin və siyasi partiyaların büdcəsinin şəffaflığının əleyhinə çıxış edirdilər. Qəbul ediləm dəyişikliklər siyasi partiyaların ölkənin ictimai-siyasi həyatındakı aktivliyin gücləndirilməsinə və şəffaflığın təmin edilməsinə yönəlib.”.
Deputat qeyd edib ki, 2007-ci ildə Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Şurası yaradılıb və şura müxtəlif sahələrdə QHT-lərə qrantlar ayırır və maliyyə yardımı göstərir: “Şuranın prioritet istiqamətlərindən biri həmçinin korrupsiyaya qarşı mübarizə aparan təşkilatlara dəstək olmaqdır. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın dəstəyi ilə 2010-cu ildə dövlət orqanları tərəfindən tətbiq edilən rusum və tariflər barədə www.rusum.az saytı təsis olunub. O cümlədən komissiyanın dəstəyi ilə 2011-ci ildə etik davranış qaydaları ilə bağlı www.etika.az saytı yaradılıb”.
Modern.az