Modern.az

Xalq çətin vaxtlarda kimə güvənməlidir?  - Koronavirus sübut etdi ki...

Xalq çətin vaxtlarda kimə güvənməlidir?  - Koronavirus sübut etdi ki...

4 May 2020, 16:52

Ölkə olaraq iki aydır ki, çətin dönəmlərdən keçirik. Nəinki Azərbaycan, elə inkişaf etmiş bütün dünya dövlətləri də mövcud pandemiya səbəbi ilə çətin mərhələlər adlayır.

Çətin məqamlarda isə hər kəs bir sığınacaq, güvənəcək şəxs, ölkə axtarır. Maraqlıdır, Azərbaycan xalqı hazırkı və bundan sonrakı çətin dönəmlərdə kimə güvənməlidir?

 

Modern.az bu sual ətrafında müxtəlif sahə adamları arasında sorğu keçirib:

 

 

Xalq artisti Əbdül Mahmudov deyir ki, hamı kimi özümüz problemin öhdəsindən gələ bilərik:

 

“Ən böyük xalq odur ki, öz ölkəsinə, dövlətinə güvənsin. Bu mənada mən bütün səmimiyyətimlə deyə bilərəm ki, Azərbaycanda çox böyük nümunələr yaranır. Məsələn, Azərbaycan prezidenti şəxsi nümunə göstərib dəfələrlə əsl rəhbər kimi televiziya vasitəsi ilə müraciətlər etdi. Ölkə prezidentinin xalqına etdiyi müraciət isə müzakirə olunmur, qeyd-şərtiz icra olunur. Azərbaycan xalqı da çox sağolsun ki, bu müraciətə əməl etdi və edir. Düzdür, 3-5 nəfər karantin qaydalarına əməl etmədi, müraciətə ciddi yanaşmadı ki, onlar da düşmən quyusuna su daşıyanlardır. Amma bu şəxslər istisna olmaqla, bu gün Azərbaycan dünyanın yekdil dövlətlərinin hamısına gözəl nümunədir. Yəni ən ağır iqtisadi vəziyyətdən rahat çıxan, sosial çətinlik yaşamayan və ən əsası səfərbər olan bir xalq kimi bütün dünyaya nümunə olduq. Məni iki ay yarımdan sonra ilk dəfədir ki, televiziyadan verilişə çağırıblar və onlar məni evdən gəlib götürüblər, verilişdə çıxış etmişəm. Artıq bu karantinin son mərhələlərinin olduğunun göstəriciləridir. Belə bir deyim var ki, "özgə kölgəsində olanın öz kölgəsi olmur". Ona görə də bizim kiminsə kölgəsinə ehtiyacımız yoxdur. Hamı ilə bərabər şəkildə problemin öhdəsindən gələ bilərik, amma bu kimsədən asılı olmağımız anlamına gəlməz”.

 

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev çətin zamanlarda prezidentə güvənməli olduğumuzu deyir:

 

“Koronavirus bir daha sübut etdi ki, Azərbaycan xalqı özü-özünə güvənir. Açığı deyim ki, biz çətin məqamlarda ölkə prezidentinə etibar etməliyik. Ölkə başçısı bu sınaqdan çox uğurla çıxdı. Bütün dünya ölkələrinə baxsaq görərik ki, xəstəlik həmin ərazilərdə sürətlə artdı. Amma Azərbaycanda görülən işlər, atılan addımlar bizdə yoluxma faizini xeyli azaltdı. Bu məsələdən çıxış çox böyük siyasi iradə tələb edirdi. Xəstəlik dövründə yoluxmanın azaldılması, xalqın maddi rifah halının yaxşı olması üçün maliyyə ayrılması, ərzaq yardımı edilməsi güclü siyasi iradənin olmasından irəli gələn bir məsələdir. Prezident də bu ağır vaxtlarda xalqın yanında olaraq sübut etdi ki, o, millətinə həmişə dəstəkdir. Düzdür son dönəmlər bəzi icra başçılarının xalq üçün ayrılan yardıma göz dikməsi mənfi hal oldu. Amma o şəxslər də aşkara çıxarılıb cəzalandırılmaqdadır. Bu məsələlərdən digər rüşvətxor icra başçıları, xalq malını mənimsəyən şəxslər də nəticə çıxarmalıdır. Hər kəs prezidentdən nümunə götürməlidir. Çünki o belə günlərdə xalqının yanında olmasının atdığı bütün addımlarla sübut etdi”.

 

 

Deputat Məlahət İbrahimqızı ilk növbədə xalqımıza və prezidentə güvənməli olduğumuzu bildirib:

 

“Çətin məqamlarda ilk növbədə dövlət başçımıza güvənməliyik. Koronavirus təkcə Azərbaycanın problemi deyil, bu, qlobal problemdir. Buna görə də bütün ölkələrin post-pandemiya dövründə ciddi narahatlığı olacaq. Pandemiya dövründə dünyanın inkişaf etmiş ölkələrində belə ciddi problemlərin ortaya çıxdığını gördük. Bu gedişatdan gözlənilir ki, ölkələrin karantin sonrası ciddi sıxıntıları qaçılmazdır. Buna görə də hansısa ölkəyə arxalanmaq düzgün deyil. İlk növbədə öz xalqımıza, ölkə rəhbərliyinə güvənməliyik”.

 

 

 Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, çətin məqamlarda Türkiyənin dəstəyinə arxayın ola bilərik:

 

“Müstəqilliyimizi qazanandan bu yana təkcə Türkiyəyə güvənmişik. Türkiyə də 1991-ci ildən bu yana heç bir türk dövlətini bizim qədər özünə yaxın bilməyib. Bunun da tarixi ənənəsi var. Azərbaycanda 1920-ci ildə Sovet hökuməti qurulanda ölkəmizdə dini etiqadın belə faiz göstəricisi dəyişdi. Sovet dövləti əlindən gələni edib ki, Azərbaycanla Türkiyə arasında olan tarixi bağlılığı kifayət qədər minimuma endirsin. Ancaq çox yaxşı haldır ki, bu istək reallaşa bilməyib. Həm bizim tərəfin incəsənət nümayəndələri, həm də Türkiyədən dəfələrlə Azərbaycana müğənnilər, aktyorlar gəlib konsert təşkil ediblər. Bu baxımdan, Azərbaycanda xarici kanallar yayımlananda belə xalqımızın ilk axtardığı kanal türk kanlları olub. İndi Rusiyanın nə qədər güclü kanalları, mətbuatı, QHT-ləri də olsa da, bizim içərimizdəki Türkiyə sevgisini sarsıtmaq gücündə deyil. Sosial şəbəkələr indi güclü alətdir. Bəzən görürsən ki, kimsə çıxıb Türkiyə haqqında ağlına nə gəldi danışır. Elə düşünməyin ki, həmin şəxlər ürəyindən nə gəlirsə, onu danışır. Həmin adamlar sadəcə ideoloji silah üçün vasitələrdir. Bu baxımdan, kim nə deyir desin, Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətinə xələl gələ bilməz. Elə bu səbəbdən də bütün çətin məqamlarda biz ölkəmizdən savayı Türkiyənin mənəvi və maddi gücünə arxayın ola bilərik”.

 

 

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Qara Qarayev deyir ki,  çətin məqamlarda yaşana biləcək ideal ölkələrdən biriyik:

 

“Hazırkı çətin dönəmdə xalqımız öz həkimlərimizə güvənməli, onların gücünə inanmalıdır. Bundan başqa, dövlət qurumlarının verdiyi təlimatlara əməl etməli, onların bizim üçün çalışdığı qənaətində olmalıyıq. Yəni ilk növbədə güvənəcəyimiz anlayış öz xalqımız, dövlətimiz olmalıdır. Hazırda yaşayış üçün təhlükəsiz ideal yerlərdən biri də Azərbaycandır. Çünki pandemiya dövrü başlayandan bu yana ən operativ davranan, qabaqlayıcı tədbirlər görən ölkələrdənik. Bu baxımdan dünya üzrə koronavirusun qarşısını ala biləcək ən güclü dövlət də bizik. Verilən qərarlara məsuliyyətlə yanaşmalı, ölkə rəhbərliyinə inanmalıyıq”. 

 

 

Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Türkan Məmmədova kiməsə güvənməməli olduğumuzu deyir:

 

“Əvvəla onu bildirmək istəyirəm ki, karantin müddətinin uzadılması hələ də daşların yerinə oturmadığını göstərir. Ehtiyatı əldən verməmək düzgün qərardır və dövlət də bunu nəzərə alaraq qərar qəbul edir. Hazırda bütün dünya pandemiyadan əziyyət çəkir, bütün ölkələr virusla mübarizədədir. Bu baxımdan da, biz hansısa ölkəyə güvənməməliyik. Düzdür, qardaş ölkə Türkiyə bir sıra dövlətlərə tibbi ləvazimatlar və digər vasitələrlə yardım edir. Amma unutmamaq lazımdır ki, virusun ikinci və üçüncü dalğası ortaya çıxarsa, artıq hər ölkə öz dərdinə yanacaq və öz xalqına çata biləcək gücdə olacaq. Bu baxımdan, biz də kiminsə köməyini gözləməli deyil, elə özümüzə inanmalıyıq”.

 

 

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat katibi Vüqar Hüseynov öz dözvlətimizə güvənməli olduğumuzu deyir: 

 

“Vətəndaşlar ilk növbədə dövlətinə güvənməlidir. Pandemiyaya qarşı mübarizə tədbirlərinin sistemli aparılması göstərdi ki, dövlət üçün bir nömrəli məsələ vətəndaşlarının sağlamlığını qorumaqdır. Cənab prezident də həmişə ifadə edir ki, Azərbaycanda yürüdülən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İnsanlarımız bunu pandemiya dövründə bir daha bariz şəkildə gördülər. Xalq həmişə öz seçiminə, öz dövlətinə güvənməlidir”.

 

 

Xalq artisti Mənsum İbrahimov birinci öz ölkəmizə, xaricdə isə Türkiyəyə güvənməli olduğumuzu bildirib:

 

“Sənət adamı kimi onu deyə bilərəm ki, bu çətin dövrdə təcrübə bir daha onu sübut etdi ki, biz ancaq öz dövlətimizə güvənməliyik. Çünki dövlət başçımız vaxtında lazımlı addımları atdı və Azərbaycan xalqını qorudu. Çox yaxşı haldır ki, bu gün başqa dövlətlərlə müqayisədə Azərbaycan az itki ilə mövcud vəziyyətdən çıxmaq üzrədir. Düşünürəm ki, tezliklə vəziyyət bundan da yaxşı olacaq. Bu baxımdan biz öz dövlətimizə, prezidentimizə güvənməliyik. Digər ölkələrdən kimdən dəstək ala bilərik sualına isə tarix boyu bizə dəstək olan qardaş Türkiyənin adını çəkə bilərəm”.  

 

 

Təhsil eksperti Elçin Əfəndi okeanın o tayında olan ölkələrə güvənməyin ağılabatan olmadığını deyir:

 

“Mövcud durumda xalq olaraq öz dövlətimizə güvənməliyik. Bununla yanaşı etnik tərkibcə bizə yaxın olan dövlətlərə - Türkiyə, Qazaxıstan və s. güvənmək olar.  Çünki hazırkı və bundan sonrakı dönəmdə bizi qarşıda nələrin gözlədiyi gün kimi aydındır. Belə olan halda okeanın o tayında və ya bu biri tayında, eləcə də bizi hər zaman işğala məruz qoyan dövlətlərə güvənmək bir o qədər də ağılabatan deyil. Qlobal güc mərkəzləri, böyük dövlətlər var ki, onlar belə bu durumda çaşqınlıq içindədirlər və onların da verdiyi qərarlarda çatışmazlıqlar mövcuddur. Belə olan halda yenə də ən yaxşısı öz ölkəmizə və ölkə rəhbərliyinə güvənməliyik”.

 

 

"İlin gənc müəllimi" seçilmiş ingilis dili müəlllimi Şəbnəm Cəbrayıl xaricdən yardım almağa ehtiyac olmadığını bildirib:

 

“Düzdür iki aydır ki, ölkədə karantin rejimi davam edir, amma xaricdən yardım almağa ehtiyacımız yoxdur. Çünki bu müddət ərzində özümüz özümüzə yetə bilərik. Başqa ölkədən gələn yardıma ehtiyac yaranarsa, düşünürəm ki, biz ancaq türk ölkələrinə, başda da Türkiyəyə güvənməliyik. Çünki türkün türkdən başqa dostu yoxdur”.

 

 

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də qısa şəkildə bidliridi ki, ağır dönəmlərdə özümüzə və prezidentə güvənməliyik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...