ADP sədrinin fikrincə, İctimai Palata yaranan boşluqda təşəbbüsü ələ alıb, fəallıq edir
ADP sədri Sərdar Cəlaloğlu son günlər İctimai Palata ilə mövcud iqtidar arasında yaranan gərgin situasiya ilə bağlı Modern.az-a açıqlamasında bildirib ki, bunun ən başlıca səbəbi İctimai Palatanın fürsətdən istifadə edərək mitinqlər keçirməsidir. ADP sədrinin sözlərinə görə, İctimai Palatanın bu təşəbbüsləri onun iqtidarın ən güclü rəqibi olması demək deyil:
“Söhbət hakimiyyəti qıcıqlandırmaqdan gedirsə, bu başqa məsələdir. İctimai Palata yaranmış boşluqda iki və ya üç mitinq keçirib. Bu mitinqlərə görə, İctimai Palata iqtidarın hədəfi olub. Burda qeyri-adi bir şey yoxdur. İstənilən partiya İctimai Palata kimi bir-iki piket keçirib gündəmə gələrək, iqtidara rəqib ola bilər. Bu o demək deyil ki, İctimai Palata yeganə gücdür. İctimai Palata yaranan boşluqda təşəbbüsü ələ alıb, fəallıq edir”-deyə ADP sədri qeyd edib.
S.Cəlaloğlu bildirib ki, İctimai Palata son davranışları ilə iqtidarın diqqətini özünə çəkməyi bacarıb: “Burda əgər iqtidarın diqqətini özünə cəmləşdirməkdən gedirsə, indiki halda İctimai Palata bunu bacarır. Lakin söhbət iqtidara rəqib kimi aparıcı müxalifətdən gedirsə, İctimai Palata bu funksiyanı yerinə yetirə bilmir”.
Anar RÜSTƏMOV