Modern.az

Şuşa filmi çəkilib

Şuşa filmi çəkilib

4 May 2012, 18:39

Mayın 4-də “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” ictimai birliyində Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin istehsal etdiyi “Şuşa” sənədli filminin təqdimat mərasimi keçirilib.

Şuşa şəhərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalının 20 illiyi ilə əlaqədar prezident İlham Əliyevin sərəncamına uyğun olaraq çəkilmiş filmdə Şuşanın Qarabağ müharibəsinə qədərki və işğaldan sonrakı durumu müqayisəli şəkildə təsvir edilib. Şuşanın tarixinin, şəhər mədəniyyətinin, etnoqrafiyasının əks olunduğu filmdə görkəmli şəxsiyyət Heydər Əliyevin Azərbaycanın bu dilbər guşəsinə xüsusi qayğı ilə yanaşdığı vurğulanıb. Film Azərbaycan prezidenti İlham Əliyevin “Tezliklə Azərbaycan bayrağı Xankəndində və Şuşada dalğalanacaq” kimi nikbin və qətiyyətli bəyanatı ilə tamamlanıb.    

Filmə baxışdan sonra Milli Məclisin vitse-spikeri Bahar Muradova, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, “Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri, millət vəkili Arif Alışanov, MM üzvü Elman Məmmədov və başqaları çıxış edərək “Şuşa” filmini yüksək qiymətləndiriblər. Natiqlər AzTV-nin AMEA-nın Tarix İnstitutu ilə birgə əməkdaşlığını təqdir ediblər. Onlar AzTV-nin Azərbaycanın tarixi və faciəli günlərinin unudulmaması, tamaşaçılara, xüsusilə də gənclərə vətənpərvərlik hisslərinin aşılanması istiqamətində göstərdiyi fəaliyyəti xüsusilə vurğulayıblar. 

Qeyd edək ki, “Şuşa” filmi mayın 8-də Şuşanın işğal günündə AzTV və “Mədəniyyət” kanalı vasitəsilə tamaşaçılara təqdim olunacaq. Film AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və professor Camal Mustafayevin “Şuşa-Pənahabad” kitabı əsasında çəkilib. Ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Zahid İsmayılov, operatoru Adil Abbasovdur.         

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu