“İqtidar partiyalarının birliyinə hələki ehtiyac yoxdur”
“Müxalifət partiyalarından fərqli olaraq iqtidar partiyalarının birliyinə ehtiyac yoxdur”. Bu fikirləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı son zamanlar Azərbaycanda siyasi partiyaların bir araya gələrək qrup və ya birlik təşkil etməsi haqda Modern.az-a açıqlamasında bildirib. Millət vəkilinin sözlərinə görə, hazırki durumda ölkəmizdə fəaliyyət göstərən müxalifət partiyalarından fərqli olaraq iqtidar yönlü partiyaların siyasi birlik və qrup şəklində birləşməsinə ehtiyac duyulmur.
“İndiyədək ölkə prezidentinin siyasətini dəstəkləyən siyasi partiyaların bir məşvərət məclisi var idi. Bu məclisin səviyyəsində koordinasiya mərkəzi fəaliyyət göstərirdi. Artıq bu mərkəz son vaxtlar demək olar ki, öz fəaliyyətini dayandırmaq üzrədir. Bundan sonra iqtidaryönlü partiyalar arasında buna bənzər birliyin yaranması, bərpası mövcud proseslərdən asılıdır. Hələlik mən belə zərurət görmürəm. Əgər gələcəkdə buna ehtiyac olarsa, əlbəttə koordinasiya funksiyasını yerinə yetirəcək birliyin yaradılması mümkün ola bilər”-deyə F.Ağamalı vurğulayıb.
Anar RÜSTƏMOV