Modern.az

Azərbaycanlı nənələr - Yüzilin şahidləri - FOTOLAR

Azərbaycanlı nənələr - Yüzilin şahidləri - FOTOLAR

5 May 2012, 12:40

Azərbaycan qadını ideal bir tipaj olaraq bütün zamanların qəhrəmanı olub... O cəfakeş ana, bir ömür həyatını paylaşdığı ərinə sadiq qadın, qayğıkeş ağbirçəkdir. Bu gün də belədir, yəqin sabah da elə olacaq.
Uzunömürlü, iki əsrə şahidlik edən Azərbaycan qadınları... Modern.az yaşı 100 ildən yuxarı olan Azərbaycan nənələrini təqdim edir.

 

103 yaş,  Fatma Qulu qızı Gəncimalıyeva
Qərbi Azərbaycan
4 uşaq, 25 nəvə, 47 nəticə, 31 kötücə
“ İndi televizorda ağızlarına gələni danışırlar. Deyirlər ki, o vaxtın kişiləri pis olublar, arvadların döyürmüşlər. Bu düzgün deyil. Mənim ərim mənə yaxşı baxıb. Bu gün yanımda olmasa belə, yuxuda görürəm. Yuxuda belə o mənim qayğıma qalır”.

 

112 yaş, Şərəf Tağı qızı Əmirova
Ağdam
8 uşaq, 45 nəvə, 90 nəticə, 5 kötücə
Zarafatı sevirəm. Daşdan yumşaq hər şeyi yeyirəm, amma yağlı olsun. Hərdən ürəyim istəyəndə bir stəkan əridilmiş yağ içirəm”.

 

102 yaş, Aynaxanım Məhərrəm qızı Talıbova
Qərbi Azərbaycan, Göyçə, Ağbulaq kəndi
9 uşaq, 40 nəvə, 59 nəticə, 8 kötücə
“İnsan ölümsüz deyil, amma hər kəsə mənim qədər yaşamağı arzu edirəm: həyat rəngarəgdir, ona hərtərəfli bələd olmaq lazımdır ”.

 

100 yaş, Lalaxanım Məhərəm qızı Qəribova
Qərbi Azərbaycan, Göyçə, Ağbulaq kəndi
“Əsas odur ki, ömrünü qəlbinə yatan biri ilə paylaşasan. O evdə ki, qarşılıqlı anlaşma var: xardal belə bal dadır”.

 

105 yaş, Raziyə İsmayıl qızı Kərimova
Tovuz
1 uşaq-qız, 3 nəvə, 7 nəticə.
“Mənim xoş günlərim müharibəyə qədər oldu. Çünki ərim yanımda idi. O, məni çox sevirdi, heç vaxt adımla çağırmazdı.Gözəl sözlər deyərdi. “Front”a gedəndə onu gözləməyimi istədi. Mən hələ də onu gözləyirəm”.

 

109 yaş Tükəz İbrahim qızı Əliyeva
Beyləqan
9 uşaq, 34 nəvə, 61 nəticə, 15 kötücə
“Mən tək uşaq olmuşam. Buna görə də doğmalarım həmişə dua edirdilər ki, mən sağlam və uzunömürlü olum. Görünür Allah onların dualarını eşidib”.

 

103 yaş, Zaniyət Hacıbala qızı Zakaryeva
Qusar, Torpaqkörpü kəndi
1 uşaq-qız, 1 nəvə
“Xasiyyətcə çox sərtəm. Öz dediyimin üstündə dururam. Bu günə qədər iynə-dərmandan istifadə etməmişəm, bu gündən sonra da etmək fikrim yoxdu”.

 

102 yaş, Zərzər Zahid qızı Hüseynova
Bakı
5 uşaq, 9 nəvə, 6 nəticə
“Ailəcə biz uzunömürlüyük . Anam 106 il yaşayıb. Bir bacım 103 yaş yaşayıb, Allaha şükür ki, digər bacılarım da sağdır. Mən həyat yoldaşımı itirdikdən sonra qocalmağa başladım. Onunla bağlı xoş xatirələrim var. İndi də yuxuma tez-tez gəlir. Yuxuda belə həyatda olduğu kimi əli dolu gəlir”.

 

107 yaş Zibeydə Mehrəli qızı Bədəlova
Qərbi Azərbaycan, Pəmbək, Xalavar kəndi
7 uşaq, 23 nəvə, 14 nəticə
“Heç kimə arzulamıram ki, mən yaşadıqlarımı yaşasın. Buna görədə hər günü üzünüzdə təbəssüm qarşılayın. Həyatdan həzz alın. Çalışın gücünüzü qoruyaraq ruhən cavan qalasınız”.

 

105 yaş, Səmərqə Lətif qızı Zeynalova
Ağdam, Eyvazxanbəyli kəndi
“İndi hamı əsəbidir. İndiki cavanlar danışanda belə qışqırırlar. Ərim “front”a gedəndə uşaqları necə təkbaşına böyüdəcəyimdən narahat idi. Amma indi görsəydi onlar necə böyüyüblər... Mən demək olar ki, yatmıram. Gözlərimi yumuram, bütün ömrüm gözlərimin qarşısında canlanır”.

 

102 yaş, Eternisa Şahpalan qızı Rüstəmova
Mərəzə
8 uşaq 21 nəvə, 26 nəticə
“ Ən böyük xöşbəxlik çalışqan övladlarının olmasıdır. Bu xöşbəxtlik mənə qismət olub. Televizora baxmıram, vaxtımı daha çox düşünməklə keçirirəm. O vaxtı biz böyüklərimizin yanında övladlarımızı belə qucaqlamaqdan utanırdıq. Amma indi azadlıq dövrüdür. Qızlar nə istəyirlər onu geyinirlər, fikirlərini açıq şəkildə deyirlər. Cavanlıq və gözəllik tez gəlib keçəcək . Gərək bu həyatda şərəf və ləyaqətini qoruyasan”.

 

105 yaş. Tamam Vəli qızı Səfərova
Qərbi Azərbaycan,  İncəsu
7 uşaq, 20 nəvə, 6 nəticə
“İnsanlar bütün zamanlarda eynidir. Dəyişənsə zamandır. Vaxtımın çoxunu seriallara baxmaqla keçirirəm, Allaha şükür edirəm ki, əlim ayağım salamatdır, özüm öz qulluğumda dura bilirəm”.

 

102 yaş Gilas Əli qızı Vəliyeva
Qərbi Azərbaycan. Göyçay
8 uşaq, 24 nəvə, 41 nəticə, 1 kötücə
“ Sevinməyi bacarmaq lazımdır. İstiyirsənsə həyat səni sevindirsin xoş xatirələri tez tez xatırlayıb, pisləri isə tez unutmaq lazımdır”.

 

102 yaş Nazlı İsaq qızı
Gürcüstan, Mışxeta
6 uşaq, 21 nəvə, 38 nəticə, 18 kötücə
“Mən həmişə tikməyi xoşlamışam. İndinin özündə belə tikiş maşınımdan ayrıla bilmirəm. Bu işlə məşğul olanda vaxtın necə keçdiyini bilmirəm. Banan yeməyi xoşlayıram. Tarkanın mahnılarını sevirəm. Hətta nəvəmin ad günündə onun mahnısını oxudum”.

 

105 yaş Yavər Şahmar qızı Hacıyeva
Lənkəran, Şiyəver kəndi
6 uşaq, 10 nəvə, 19 nəticə, 6 kötücə
“Cavan ikən çox işləmişəm, anbarda, tarlada, maqazində və s. Bu günə kimi heç bir dərman qəbul etməmişəm. Ancaq təbii yeməkləri xoşlayıram, əti və balığı sevirəm. Buzlu su içirəm”.

 

101 yaş Yevgeniya İliniçna Sedova
Bakı
1 uşaq-qız, 1 nəvə, 2 nəticə, 1 kötücə
“Uzun illər Poltexnik İnstitunda idman müəlliməsi işləmişəm. Müharibə vaxtı əsgərlərə xizək sürməyi öyrətmişəm. Onlar yorulurdular, mən yox. Dağlardan yorulmaq olarmı? Uzunömürülüyün sirri səhər tezdən durmaq və çoxlu hərəkət etməkdir”.

 

110 yaş, Maral Əşrəf qızı Məhərrəmova
Qərbi Azərbaycan.Qızılcıq kəndi.
9 uşaq, 43 nəvə, 48 nəticə, 1 kötücə
“Bir dəfə yadımdadır mənim təqaüdümü kəsmişdilər. Görünür fikirləşiblər ki, mən artıq dünyamı dəyişmişəm, oğlum onları inandırmaq üçün məni ora apardı. Mən həqiqətən də tam sağlamam. Ömrü verən Allahdır. Bizə verilən ömrü elə yaşamalıyıq ki, bizdən sonrakı nəsillərə təmiz adımız qalsın”.


Modern.az saytının bu təqdimatı “Azərbaycan Qadını” jurnalındakı materiallar əsasında hazırlanıb.

Elçin Ağayev

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi