Modern.az

Müxalifətin islahat paketi - Partiyalar nə təklif edir?.. - SORĞU

Müxalifətin islahat paketi - Partiyalar nə təklif edir?.. - SORĞU

8 May 2020, 11:47

Azərbaycanda hakimiyyət son iki ildə siyasi, iqtisadi, sosial sahələrə aid xeyli islahat həyata keçirib. İqtidar mövcud islahatlar kursunu bu gün də davam etdirdiyini bildirir.

Maraqlıdır, bəs müxalifət hansı sahələrdə islahatların aparılmasını istəyir?


Modern.az-ın əməkdaşı bu sualla müxalif partiyalara müraciət edib


Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa
Aslanlı deyib ki, son dönəmlərdə bir neçə dəfə təkliflər paketi irəli sürüblər:


“Təkliflərimizi zaman-zaman hakimiyyətə çatdırmışıq. Koronavirus dövründə son dönəmlərdə bir neçə dəfə təklif paketimizi irəli sürmüşük. İslahatlara gəldikdə isə azad və demokratik seçkinin keçirilməsini istəyirik. Koronavirusla mübarizə üçün bütün istiqamətdə təkliflər təqdim etdik. Bura əhalinin kasıb təbəqəsinin, aztəminatlı ailələrin təminatı, kiçik və orta sahibkarlara şərait yaradılması və koronavirusdan az ziyanla çıxmaq üçün təkliflər aiddir. Hələ sərhədlər və məktəblərin bağlanmadığı vaxtda biz bu qadağaları ilk təklif edən partiya olmuşuq”.

 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hüquqi sahədə islahatların aparılmasını istəyir:

“İslahatlarla bağlı təkliflərimizi Prezidentin saytına göndərmişik. İslahatlar ilk növbədə siyasi istiqamətdə başlamalıdır. Sonra isə hüquq və iqtisadi sahədə islahatların aparılmasına ehtiyac duyulur. Azərbaycanda bir qədər yalnış istiqamət götürülüb. Belə ki, ilk növbədə iqtisadi islahtlara üstünlük verirlər. Bu tamamilə yalnışdır. Çünki iqtisadiyyat siyasətlə çox bağlıdır. Siyasi islahatlara ilk növbədə bəzi qanunların dəyişdirilməsi, ictimai güclərin bir-birinə münasibətinin dəyişdirilməsi və siyasi münasibətlərin qanuni və konstutsional təsviri və.s. aiddir. Hüquqi və siyasi islahatların aparılması ilə də istedadlı kadrlar üzə çıxacaq. Vəzifəli şəxs xalq arasından seçilməlidir, bu pilləyə öz qabiliyyət və bacarığı ilə gəlib çatmalıdır”.

 

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP)  sədr müavini Xəzər Teyyublu  siyasi partiyaların hamısının seçkiyə qatıla bilməsi istəyir:

“Ölkədə ən birinci problem seçki islahatlarının aparılmamasıdır. Yəni siyasi partiyaların hamısının seçkilərə qatıla bilməməsinin səbəbi də islahatların aparılmamasıdır. Bu baxımdan demokratik ölkə kimi hakimiyyətin seçki yolu ilə formalaşmasını, müxalifətin seçki yolu ilə xalqın etimadını qazanıb hakimiyyətdə təmsil olunmasını istərdik. Bununla da ölkədə siyasi rəqabət, demokratik mühit formalaşacaq. Bu demokratik mühit də formalaşsa, hər bir partiya istəyəcək ki, istedadlı və savadlı kadrı hakimiyyətdə təmsil olunsun. Bu da dövlətin xeyrinədir”.


Ümid Partiyasının mətbuat xidmətinin rəhbəri Elşad Barat
deyir ki, ölkədə köklü islahatlara gərək duyulur:

“Bu gün ölkədə demək olar ki, bütün sahələrdə islahatların aparılması vacibdir. Bu istiqamətdə Ümid Partiyası dəfələrlə öz təkliflərini verib. Partiya sədri İqbal Ağazadənin pandemiya dövrü üçün sonuncu təkliflər planı mətbuatda dərc olundu və xeyli maraqla qarşılandı. Bu təkliflər planının böyük bir hissəsi həm də karantindən sonrakı dönəm üçün keçərli sayıla bilər. Müşahidələr göstərdi ki, ayrı-ayrı sahələrdə, məsələn, təhsildə və ya səhiyyədə islahatların aparılması təəssüf ki, effektiv olmadı. Ona görə də biz Ümid Partiyası olaraq, köklü islahatların aparılmasının tərəfdarıyıq”.

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)  sədr müavini Seymur Həzi isə ilk növbədə atılmalı olan addımları bildirib:

“1. Siyasi hüquqlar tanınmalı, seçki sistemi dəyişdirilməlidir.

  1. Hakimiyyət bölgüsü tarazlandırılmalı Milli Məclisin hakimiyyət pilləsindəki yeri güclənməlidir.
  2. Bələdiyyələrin səlahiyyəti artırılmalı, Bakı meri seçkili olmalıdır.
  3. Məhkəmə islahatları həyata keçirilməli və hakimlərin təyinatı üsulu dəyişməli bir şəxsdən asılı olmamalıdır.
  4. Monopoliya aradan qalxmalı, daxili istehsal üçün islahatlar həyata keçirilməli- aqrar islahatlar yenidən aparılmalıdır.
  5. Özəlləşməyə yenidən baxılmalı və dövlət mülkiyyətinin özəlləşməsi şəffaflaşmalıdır.
  6. Söz və mətbuat azadlığı tam təmin olunmalıdır”.


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev
deyir ki, ilk növbədə siyasi islahatların keçirilməsini istəyir:

“Siyasi islahatlar aparılmasa, iqtisadi sahədə islahatların aparılması çox ləng gedəcək. Çünki demək olar ki, hər şeyi kadr həll edir. Kadr da siyasi islahatlar olarsa dəyişilə bilər. Düşünürəm ki, kənd təsərrüfatı sahəsində də islahatlar aparmaq lazımdır. Artıq Azərbaycan neftinin dünya bazarında ucuzlaşması gedir. Gələcəkdə kənd təsərrüfatını inkişaf etdirsək, heç də iqtisadi baxımdan neftdən aslı ölkə olmarıq. Prezident də dəfələrlə deyib ki, artıq neft erası bitib. Bu baxımdan düşünürəm ki, siyasi islahatlar başlasın, sonra iqtisadi islahatları həyata keçirək”.


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü, partiya funksioneri Əli Orucov deyir ki, bütün sahələrdə islahatlara ehtiyac duyulur:

“Azərbaycanda islahat aparılası çox sahələr var. Qeyd etmək istərdim ki, bu sahələrin hamısı bir-biri ilə əlaqədardır. Yəni bu sahələrin birində islahat aparıb digərində aparmasan, o istənilən effekti verməyəcək. İlk növbədə siyasi sistemdə dəyişikliklər olmalıdır. Son dövrlər icra strukturlarında baş verən qanunsuzluqlar ali inzibati orqana aslılıqdan yaranır. Yəni insanlar vəzifəni xalqa xidmətdə görməlidirlər, kiməsə hesabat verməkdə yox. Sonuncu həbslər də onu göstərdi ki, icra hakimiyyəti orqanları özünü doğrultmur, onlara verilən səlahiyyətlərin bir qismi əllərindən alınmalıdır. Bu da özünü göstərir ki, yerlərdə inzibati-təsərrüfat işlərinin hamısı bələdiyyələrə verilməlidir. Onu da deyim ki, məhkəmə-hüquq, qanunvericilik sahəsində də islahatların aparılması mütləqdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...