Modern.az

DAK Zəlimxan Məmmədlinin müdafiəsinə qalxdı

DAK Zəlimxan Məmmədlinin müdafiəsinə qalxdı

5 May 2012, 18:07

Sabir Rüstəmxanlının sədri olduğu Dünya Azərbaycanlıları Konqresi (DAK) açıqlama yayıb. Açıqlamada bu günlərdə Gürcüstanda fəaliyyət göstərən 11 QHT tərəfindən verilən birgə bəyanata etiraz edilib. Bildirilib ki, öz qərəzli xarakteri ilə seçilən bəyanat müəlliflərinin DAK-ın aorelin 21-23-də Ukraynanın Donetsk şəhərində keçirilmiş XII Qurultayına Gürcüstanda yaşayan soydaşlarımızdan və təşkilat nümayəndələrindən heç kimin dəvət olunmaması barədə iddialar əsassızdır.
Açıqlamada həmin QHT-lərin Azərbaycan Respublikasının vətəndaşı olan “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədlinin DAK-ın Gürcüstan nümayəndəliyinin rəhbəri təyin edilməsinə etirazları da pislənilib:

”DAK olaraq ilk növbədə bəyanat müəlliflərinin diqqətinə çatdırırıq ki, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının rəhbərlik etdiyi DAK İsveçdə rəsmi şəkildə qeydiyyata alınıb və bu təşkilatın qanad kimi təqdim olunması qərəzli yanaşmanın təzahürüdür.

İkincisi, DAK-ın Ukraynanın Donetsk şəhərində keçirilmiş XII Qurultayında iştirak etməsi üçün Gürcüstanda fəaliyyət göstərən 30-a yaxın ictimai birlik və QHT-yə dəvətnamə göndərilmişdi.

Üçüncüsü, DAK-ın İdarə Heyəti seçkili bir orqandır və ali qanunverici orqan olan qurultay tərəfindən seçilir. Qurultayda hər kəs DAK İdarə Heyətinin üzvlüyünə namizədliyini irəli sürə bilər. Zəlimxan Məmmədli də Azərbaycana ayrılmış 5 yerdən birinə namizədliyini irəli sürmüş və səs çoxluğu ilə DAK İdarə Heyətinə üzv seçilmişdir. Ancaq “Borçalı” İctimai Birliyinin sədri DAK-ın Gürcüstan nümayəndəliyinin rəhbəri təyin edilməmişdir. Sadəcə ondan DAK-ın Borçalıdakı soydaşlarımızla işləməsinə daha da yardımçı olması istənilmişdir. DAK olaraq Azərbaycan Respublikası vətəndaşının DAK-ın Gürcüstan nümayəndəliyinin rəhbəri təyin edilə bilməyəcəyini yaxşı bilirik. Zəlimxan Məmmədliyə gəldikdə bu şəxs Borçalı camaatı arasında kifayət qədər tanınan və nüfuzu olan biridir. Son illər Borçalı üçün xeyli işlər görmüş, tədbirlər həyata keçirmişdir”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu