Polşada yaşayan vətəndaşımızda koronavirus aşkarlanıb.
Bu barədə Modern.az-a Polşadakı Diaspor Təşkilatının rəhbəri Fərid Cəfərli məlumat verib.
Təşkilat rəhbəri virusa yoluxmuş şəxslə əlaqə saxladığını deyir:
"Təəssüf hissi ilə qeyd etmək istərdim ki, soydaşlarımızdan 1 nəfərdə koronavirus test nəticələri pozitiv çıxıb. Polşa Azərbaycanlıları Şurasının rəhbəri olaraq soydaşımızla əlaqə saxlamışam. Həmçinin, həmin şəxs Səfirlik tərəfindən də qeydiyyata alınıb. Hər hansı bir çətinliyi olacağı halda həm təşkilatımız tərəfindən, həm də Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi tərəfindən tam dəstək göstəriləcək".
F.Cəfərli Polşada yaşayan digər azərbaycanlılara da səslənib:
"Virusun digər soydaşlarımızda yayılmasının qarşısını almaq məqsədi ilə virusa yoluxmuş soydaşımızın adını, yaşını və peşəsini Polşada yaşayan azərbaycanlılarla paylaşıram. Əgər onların arasında bu soydaşımızla yaxın zamanlarda ünsiyyətdə olan varsa, Covid-19 testi verməyə dəvət edirəm. Virusa yoluxan şəxsin adı Əbülfətdir, 57 yaşı var. Vətəndaşımız taksi fəaliyyəti ilə məşğul olurdu".