Metroya maskasız daxil olaraq, polisə müqavimət göstərməyə cəhd edən və 10 sutkalıq həbs edilənş xəsin kimliyi açıqlanıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, mayın 9-da metropolitenin “20 Yanvar” stansiyasında 1986-cı il təvəllüdlü Bakı şəhər sakini Nicat Rəhmanoğlu polisin tibbi maska taxmaq barədə göstərişinə əməl etməyərək mübahisə edib:
“Polis əməkdaşının metodiki göstərişin müvafiq tələbini izah etməsinə məhəl qoymayan sərnişin inzibati məsuliyyətə cəlb edilib. İnzibati Xətalar Məcəlləsinin 535. 1 maddəsinin tələblərinə zidd hərəkət etmiş Nicat Rəhmanoğlu Yasamal rayon məhkəməsində səhvini etiraf edib. Ona 10 sutka həbs cəzası verilib”.
Onun sözlərinə görə, ümumən, metropoliten ərazisində 167 nəfərə rəsmi xəbərdarlıq edilib:
“Qayda pozuntusuna təkrar yol verəcəkləri təqdirdə İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyətə cəlb olunacaqları onlara bildirilib. “Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə bir daha çatdırır ki, Operativ Qərargahın müvafiq metodiki göstərişinə, o cümlədən tibbi maskanın taxılması barədə qaydaya əməl edilməlidir. Əks təqdirdə qaydanı pozan sərnişinlər inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar”.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti 9 may 2020-ci il saat 06.00-dan bərpa edilib. Həmin məlumatda yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar pandemiya dövründə Bakı metropoliteninin fəaliyyətini Operativ Qərargahın tələb və qaydalarına uyğun qurmalı olduğu bildirilib. Bu xüsusda “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”in tələblərinə əməl olunmalı, o cümlədən metropolitendə hərərkət edən sərnişinlər tibbi maska taxmaq məcburidir.