“Həbs olunan gənclərdən biri Fərid Hüseyn Yazıçılar Birliyinin üzvüdür. Fərid Hüseynin İranda kitabının nəşr olunacağını bilirik və o səbəbdən gedib. Fərid həm də orda şeir məclislərində də iştirak edib. Bizə də orda nə baş verməsi haqqında dəqiq məlumat verən yoxdur. Məsələ ilə bağlı araşdırma aparırıq bir məlumat alan kimi də təqdim edəcəyik. İran səfirliyi ilə əlaqə yaratmağa çalışırıq, amma hələ ki, bir nəticə əldə edə bilməmişik“. Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu İranda həbs olunan iki şair barədə məlumatları Modern.az-a şərh edərkən deyib.
Onun sözlərinə görə, Şəhriyar Hacızadə (Delgerani) AYB-nin üzvü deyil. “Amma Şəhriyar nə üçün gedib bilmirik. Sadəcə bir məlumat var ki, 8 nəfər mülki şəxs onları avtobusadan düşərkən yaxalayıb və aparıb. Nə səbəbə görə isə bəlli deyil. Biz də burda bu məsələ ilə bağlı araşdırma aparırıq bir məlumat alan kimi də təqdim edəcəyik”.
Azərbaycan Yazıçılar Birliyinin cənub şəbəsinin rəhbəri Sayman Aruz deyib ki, buradan gedən azərbaycanlı şairləri qarşılayan Bəhramla əlaqə saxlayib.
“O dedi ki, bu gəncləri Binabdan Təbrizə gedən avtobusa mindirib və ondan sonra da onlar haqqında heç bir məlumat ala bilməyib“.
Xatırladaq ki, gənc şairlər İranda səfərləri zamanı Bəhram adlı şəxsin evində qalıblar.
Azərbaycanın gənc şairlərindən Şəhriyar del Gerani ( Hacızadə) və Fərid Hüseyn İrana səfərləri zamanı mülki geyimli şəxslər tərəfindən həbs ediliblər. Bu barədə Şəhiyarın atası Hacı Mayıl Hacıyev məlumat verib. İrana poeziya festivalına gedən gənc şairlərdən mayın 2 –dən heç bir xəbər yoxdur.
Könül Səid