Modern.az

İranda həbs olunan şairlərlə bağlı bəyanat verildi, Xamneyiyə müraciət edildi

İranda həbs olunan şairlərlə bağlı bəyanat verildi, Xamneyiyə müraciət edildi

7 May 2012, 16:35

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı  gənc şairlər Fərid HüseynŞəhriyar del Geraninin (Hacızadə) İranda mülki geyimli şəxslər tərəfindən həbs edilməsini pisləyən bəyanatla çıxış edib.

Bəyanatda gənc şairlər Fərid HüseynŞəhriyar del Geraninin İranda mülki geyimli şəxslər tərəfindən həbs edilməsi və onların taleyi ilə bağlı dolğun bilgi verilməməsi qınanır.

“Bu adıyaman işin icraçıları olduqca böyük qəflət və yanlış içindədir. Fəridlə Şəhriyar öz yaradıcılıqlarında humanizmi, dostluğu, birgəyaşayış və anlaşmanı, ümumən ədəbiyyatın aşılamalı olduğu dəyərləri təbliğ edən perspektivli gənclərdir. Onların müəmmalı şəkildə “yoxa çıxma”ları İran hakimiyyətinə başucalığı gətirmir. Gənc yazarların İrana səfəri poeziya ilə, şeir-sənətlə bağlı olduğundan, onlar nəinki həbs olunmalı, quşquyla qarşı­lanmalı, əksinə sayğıyalayiq rəftar görməli, layiqli qonaqpərvərliklə qarşılanıb, yola salın­malıydılar. Hətta gənc yazarlar hər hansı yanlışlığa yol vermiş olsalar belə, bu onların mü­əmmalı, qeyri-şəffaf ortamda “yoxa çıxma”larına əsas verə bilməz”.

Əkbər Qoşalı bildirib ki, İranın ilgili dövlət orqanları Azərbaycan vətəndaşları olan gənc yazarlarla bağlı məsələyə bir an öncə aydınlıq gətirməli, onların öz ölkələrinə təhlükəsiz şəkildə qa­yıt­malarına şərait yaratmalıdır. “Əks təqdirdə, İran ərazisində keçirilən hər hansı ictimai-mədəni tədbirdə iştirak etməyin nə qədər təhlükəli olduğu bütün dünyaya bir daha aydın olacaq və uluslararası zəmində öz həssas dönəmini yaşayan İranla bağlı yeni suallar doğuracaq”.

“Bir daha, gənc şairlər Fərid Hüseyn və Şəhriyar del Gerani (Hacızadə) ilə bağlı mövcud durumdan, baş vermiş müəmmalı olaydan rahatsızlığımı ifadə edir, onların ailə üzvlərinin rahatsızlığını bölüşür və əlaqədar qurumların məsələyə tezliklə aydınlıq gətirəcəyinə ümid etdiyimi bildirirəm. İlk sırada İran səfirliyini dolğun açıqlama ilə çıxış etməyə çağırıram”-deyə bəyanatda vurğulanır.

“Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru,  Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Səlim Babullaoğlu isə İranın Ali Dini rəhbəri Ayətullah Xamneyi, prezidenti Mahmud Əhmədinejad və İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhramiyə müraciət edib.

“Diqqətinizə çatdırmaq istəyirik ki, adları çəkilən adamlar olduqca istedadlı gənc ədəbiyyatçılardır, gənc olmalarına rəğmən Azərbaycanda kifayət qədər yaxşı tanınırlar və onlar indiyəqədərki heç bir hərəkəti və yazısı ilə nə İran dövlətinin, nə də Azərbaycan-İran dostluğunun əleyhinə olmayıbdır. Düşünmürük ki, gənc həmkarlarımız İranda olduqları müddətdə hər hansı qanun pozuntusuna yol veriblər. Bunu eyni vaxtda İranda olan və onların saxlanmasına şahidlik edən həmvətənlərimiz də söyləyirlər.

İslamın uca, insanpərvər idealları əsasında qurulan və yaşayan dövlətdə belə bir xoşagəlməz  hadisənin olması dərin təəssüf hissi doğurur. İnanrıq ki, İran dövlətinin müvafiq strukturları bu məsələni tezliklə həll edəcək, ilk növbədə bu gənclərin onları artıq 5 gündür səbirsizliklə gözləyən valideynlərinin, sonra isə ədəbi ictimaiyyətin narahatçılığına son qoyulacaq.

Sizdən çox xahiş edirik ki, bu məsələnin tezliklə həll olunmasında öz böyük nüfuzunudan istifadə edəsiniz və ədalət bərqərar olsun!".

Könül Səid

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu