“Bakı Şəhər İcra Hakimiyyəti bizimlə elə bil qaçdı-tutdu oyunu oynayır”
Bu sözləri Müsavat başqanın müavini Gülağa Aslanlı partiya qurultayının Gürcüstan və Türkiyədə keçirilməsi ilə bağlı səslənən fikirləri Modern.az-a şərh edərkən bildirib. G.Aslanlı qeyd edib ki, Müsavat Partiyası qurultaya yer ayrılması üçün artıq dördüncü Bakı Meriyasına müraciət edib. Başqan müavininin sözlərinə görə, BŞİH bu dəfə də onlara yer verməsə partiya alternativ variantlara əl atacaq.
“Biz Bakı Şəhər İcra Hakimimiyyətinə növbəti məktubla müraciət etmişik. Məktubda göstərmişik ki, bu vaxta qədər bizim müraciətlərimizə cavab verilməməsi, müxtəlif ünvanlara göndirməsi göstərir ki Bakı Şəhər İcra Hakimiyyəti sərbəst toplaşmaq haqqında qanuna riayət etmir. Qurultay keçirmək bizim hüququmuzdur. Bu vaxta kimi bildirirdilər ki, Əl Oyunları Sarayında “Eurovision”la bağlı işlər görülür. Yarışma da ayın 26-da sona çatacaq. Bundan sonra bizə orda yer verə bilərlər”-deyə partiya rəsmisi vurğulayıb.
May ayının 1-dək Bakı Meriyasına vaxt verdiklərini deyən G.Aslanlı bildirib ki, icra hakimiyyəti bu dəfə də onlara yer verməsə Müsavat Partiyası məcburiyyət qarşısında qonşu ölkələrə üz tutacaq:
“Mayın 18-dək bizə qurultay keçirmək üçün yer verməsələr o zaman Müsavat Partiyası qonşu Türkiyə və Gürcüstan Respublikalarında qurultayın keçirilməsi üçün danışıqlara başlamaq fikrindədir. Biz məcburiyyət qarşısında qalıb bu addımı atırıq. Bu hakimiyyətə baş ucalığı gətirməyəcək. Hakimiyyət bizə yer verməyəcəksə biz məcbur olub bu addımı atacağıq. Biz bu dəfəki müraciətimizdə Əl Oyunları Sarayı ilə yanaşı yenidən Opera və Balet Teatrını da göstərmişik. Bizə konkret cavab versinlər. Yer verirsinizsə normal yer verin. Bizə 800-1000 nəfərlik zal lazımdır. Belə zallar Bakıda kifayət qədərdir”
Qeyd edək ki, Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin bu gün keçirilən toplantısında qurultayın Gürcüstan və Türkiyədə keçirilməsi müzakirə olunub.
Anar RÜSTƏMOV