Modern.az

Hökumət zəlzələ qurbanlarına 20 milyon manat ayırdı

Hökumət zəlzələ qurbanlarına 20 milyon manat ayırdı

8 May 2012, 18:11

Zaqatala, Balakən, Şəki, Qax və digər ərazilərdəki dağıntıların aradan qaldırılmasına xərclənəcək


Zəlzələnin nəticələrinin aradan qaldırılması, təmir-bərpa işlərinə başlanılması üçün 2012-ci il dövlət büdcəsinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20 milyon manat vəsait ayrılıb. Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirilib.
Mayın 7-də yerli vaxtla saat 9.40 radələrindən başlayaraq Zaqatalada 4 yeraltı təkan baş verib. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, birinci zəlzələ rayon mərkəzindən 17 kilometr cənub-qərbdə, yerin 10-12 kilometr dərinliyində olub, ikinci və üçüncü təkan saat 10.38-də və 10.40-da 4,5 və 4,3 bal gücündə qeydə alınıb, dördüncü təkan isə saat 19.15-də Zaqataladan 14 kilometr cənub-şərqdə 12 ballıq cədvəl üzrə 6 bal gücündə baş verib. Yeraltı təkanlar Zaqatala rayonundan başqa, Balakən, Şəki, Qax və digər ərazilərdə də hiss olunub, müəyyən dağıntılar baş verib. Zəlzələ nəticəsində insanlar arasında tələfat olmayıb. Lakin tikililərə ziyan dəyməsi, fərdi evlərin uçması və inzibati binalarda çatların əmələ gəlməsi barədə məlumatlar daxil olub

Təbii fəlakətlə əlaqədar  Prezident İlham Əliyevin tapşırığı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılığı ilə qəza-xilasetmə qüvvələri dərhal zəlzələ zonasına yollanıb, vəziyyətlə yerində tanış olublar. İlkin baxışlar nəticəsində dəymiş ziyanın miqyasının müəyyənləşdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlərin görülməsinə, xüsusən evləri ciddi ziyan çəkmiş sakinlər üçün çadırların qurulmasına və dəymiş ziyanın nəticələrinin aradan qaldırılmasına başlanılıb.

***

Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumata görə, ölkənin şimal-qərb bölgəsində baş verən təbii fəlakət nəticəsində 524 tikili uçub, 2235 tikili isə qəzalı vəziyyətə düşüb. Hazırda nazirliyin əməkdaşları zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da hadisə bölgəsində olub. Nazir jurnalistlərə açıqlamasında  bildirib ki, artıq tikinti şirkətləri ciddi işə başlayıb: 

“Bu gün burada iştirak edən tikinti şirkətləri hansı kəndlərdə işləyəcəklərinin bölgüsünü aparmışlar. Artıq böyük həcmdə tikinti materialları yola salınmışdır. Tikinti şirkətləri maksimum qısa müddətdə tikinti işlərinə başlayacaqlar. Biz maksimum çalışırıq ki, bütün ailələri çadırlarla təmin edək ki, həmin evlərin tikilməsi zamanı ailələr çöldə, bayırda qalmasınlar" 

Fəlakətin çox qısa zamanda aradan qaldırılacağına, insanların gözəl evlərdə yaşayacaqlarına əminliyini ifadə edən Kəmaləddin Heydərov, eyni zamanda, regionda yaşayan insanlardan ev tikərkən diqqətli olmağa, tikinti norma və qaydalarına əməl etməyə, təcrübədə sınaqdan keçmiş tikinti materiallarından istifadə etməyə, ərazimizin seysmik zonada yerləşdiyi üçün işlərini ehtiyatlı tutmağa çağırıb.

***

Səhiyyə Nazirliyindən bildirilib ki, əhalinin sağlamlığı üçün potensial təhlükə və sanitariya-epidemioloji gərginlik yaranıb. Bu gərginliyin aradan qaldırılması, eləcə zəlzələdən zərər çəkmiş əhaliyə tibbi xidməti təmin etmək məqsədi ilə Səhiyyə Nazirliyinin mütəxəssislərdən ibarət briqadalar hadisə yerlərinə ezam olunublar. Təbii fəlakət baş verdiyi andan etibarən Səhiyyə Nazirliyinin Zaqatala rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri zərərçəkmişlərə vaxtında lazımi tibbi yardım göstərib, müxtəlif xəsarətlərlə müraciət etmiş 50 -ə yaxın yerli sakinə ambulator tibbi yardım göstərib, 1 nəfəri isə üz-cənə sınığı diaqnozu ilə dərhal hospitalizə edib.
Səhiyyə naziri Oqtay Şirəliyevin xüsusi tapşırığı əsasında hadisə yerinə mütəxəssislərlə yanaşı içində bütün tibbi ləvazimatlar, qida və dərman preparatları ilə tam təmin olunmuş 6 reanimobil maşınlar göndərilib. Zəlzələdən xüsusilə zərərçəkmiş Mamrux, Közbarax, Çobangöl və Qımır kəndlərində çadırlar qurulub və orada da müvəqqəti məskunlaşmış yerli əhaliyə tibbi yardım məqsədi ilə fasiləsiz təcili yardım maşınları fəaliyyət göstərir.

Zəlzələ zamanı binasına xüsusi zərər dəymiş Zaqatala Rayon Mərkəzi Xəstəxanasının binasında yardım göstərmək təhlükəli olduğundan dərhal xəstəxananın həyətində 2 çadır qurulub və yaralılara həmin çadırlarda ilkin tibbi yardım göstərilib. Öüm halları qeydə alınmayıb.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza