“Mayın 7-də Azərbaycanın şimal-qərb bölgəsində baş verən zəlzələdən ən çox ziyan çəkən rayonlar Zaqatala ilə yanaşı, Qaxdır”. Bu sözləri Modern.az saytına Qax rayonundan seçilmiş millət vəkili Azər Kərimli deyib. Deputat bildirib ki, o, hazırda rayondadır və zəlzələ nəticəsində dəymiş ziyan araşdırılır.
“Zəlzələnin əsas mərkəzi Qax və Zaqatala rayonlarının arasında olduğundan Qax rayonu də yeraltı təkanlardan ciddi ziyan çəkib. Rayonda 976 yaşayış obyekti dağılıb. Bunlardan 250-si tam uçub. 150 yaşayış obyekti isə qəzalı vəziyyətdədir. 576 bina müxtəlif dərəcəli ziyana məruz qalıb. Amma ola bilər ki, sonuncu rəqəmə daxil olan binalardan 150-200-ə qədəri yararsız hesab edilsin. Zərər çəkmiş binalar arasında 24 məktəb, 20 uşaq bağçası, bir neçə mədəniyyət mərkəzi və inzibati bina var”.
Azər Kərimli Qax rayonunun zəlzələdən ən çox zərər çəkmiş kəndlərinin adını da açıqlayıb. “Ən çox zərər çəkən rayonun Güllük kəndidir. Bu kənd Zaqatala ilə sərhəddə yerləşir. Bundan başqa Turaclı, Zərnə, Çüdüllü, Marsan, Ləkit-malax, Lələpaşa və Tasmallı kəndləri də ciddi zərər çəkib”.
Millət vəkili hazırda rayonda əhaliyə dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdiyini də qeyd edib.
Modern.az