Modern.az

“Qərbi Azərbaycan Respublikası intriqa mərkəzinə çevrilməməlidir” - Fəzail Ağamalı tərəflərə YOL GÖSTƏRDİ

“Qərbi Azərbaycan Respublikası intriqa mərkəzinə çevrilməməlidir” - Fəzail Ağamalı tərəflərə YOL GÖSTƏRDİ

18 May 2020, 12:03

Türkiyənin Ərciyəz Universitetinin müəllimi, professor Qafar Çaxmaqlının Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan etməsini müsbət qarşılayanlar olsa da, əksi də müşahidə olunmaqdadır.

Təşəbbüs Qrupunun rəhbəri olan Q.Çaxmaqlı Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradılmasıyla bağlı Təşkilat Komitəsinin tərkibini də açıqlayıb. Sədri Qafar Çaxmaqlı olan Təşkilat Komitəsinin 50 üzvündən biri - Cəmşid Dərələyəzli Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədr müavini kimi təqdim edilib.


Milli Məclisin deputatı, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Q.Çaxmaqlının statusuna sərt şəkildə reaksiya verib:


“Artıq yalan danışmağa başladınız? Cəmşid Dərələyəzli heç vaxt Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədr müavini olmayıb və indi bu təşkilatın heç üzvü də deyil. Muxtar Oxçoğlu isə Azərbaycan Qaçqınlar Cəmiyyətinin yox, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvüdür. Azərbaycan Qaçqınlar Cəmiyyəti sizin bu qurumu ilk gündən qəbul etmir. Bu yolla “siyahı” tərtib edirsiniz?”.


Əziz Ələkbərli Q.Çaxmaqlıya ayrıca statusla etirazını ifadə edib:

“Qafarın hökuməti Cəmşid Dərələyəzlini Qaçqınlar Cəmiyyətinin sədr müavini kimi təqdim edib. O şəxs Cəmiyyətin heç üzvü də deyil!”.


İki tanınmış şəxs arasında baş verənlərə Qərbi Azərbaycandan olan deputat Fəzail Ağamalı da münasibət bildirib.


O, Modern.az-a açıqlamasında baş verənləri təəssüf hissi ilə qarşıladığını dilə gətirib:

“Təəssüf edirəm ki, Qafar Çaxmaqlının bu ideyası, bununla bağlı atmış olduğu addım bəzi adamlar tərəfindən doğru qarşılanmır.

Əziz Ələkbərlini uzun müddətdir ki, tanıyıram. Fəaliyyətini Qərbi Azərbaycan İcmasının yaradılması sahəsində qurub. Buna da müsbət yanaşıram. Qafar Çaxmaqlının ideyasının Əziz Ələkbərlinin Qərbi Azərbaycan İcmasına hər hansı maneçiliyi yoxdur. Əksinə, hər ikisi formalaşarsa, onlar arasında koordinasiya qurmaq, fəaliyyətlərini uyğunlaşdırmaq və birgə platformadan  çıxış edərək, ermənilərə, erməni diasporuna, erməni faşizminə qarşı mübarizəni müxtəlif cinahlardan aparmaq olar. Ona görə də uzun müddətdən bəri tanıdığım Əziz Ələkbərliyə də tövsiyə edərdim ki, buna qarşı özünün aqressiv mahiyyət kəsb edən fikirlərindən uzaqlaşsın. Əksinə, imkanları daxilində Qərbi Azərbaycan hökumətinin yaranmasına yardımını göstərsin”.


Fəzail Ağamalı Mühacirətdə Qərbi Azərbaycan Respublikasının elan olunduğunu eşidəndə müsbət fikirlərini ifadə etdiyini vurğulayıb:

“Bu cür təşkilatların yaranmasını və fəaliyyətini ermənilərə qarşı aparılmış informasiya müharibəsi və ideoloji mübarizədə vacib vasitə kimi dəyərləndirdim. Bu gün də həmin fikirdəyəm. Yeni yaranan təşkilata qarşı kimlərinsə çıxış etməsinin tərəfdarı deyiləm. Düşünürəm ki, Qərbi Azərbaycan hökuməti Təşəbbüs qrupu yaradıb Qərbi Azərbaycandan olan tanınmış adamları ora cəlb etməli və parlament də formalaşdırmalıdır”.

Deputat elan olunmuş respublikanı intriqa mərkəzinə çevrilməməyə çağırıb:

“Parlament təşkil ediləndən sonra üzvlərindən həm baş nazir, həm də digər nazirlər seçilməlidir. Eyni zamanda, parlamentdə mühacir hökumətin prezidentinə qədər seçilməlidir. Həmin respublikaya həqiqətən də o torpaqların geri qaytarılmasına razı olan soydaşlarımız daxil edilməlidir. Heç bir halda oranı intriqa mərkəzinə, daxili siyasi çəkişmə yuvasına çevirmək olmaz. Bunun qəti şəkildə əleyhinəyəm. Əgər belə hallar olarsa, etirazımı bildirəcəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir