Modern.az

Məşhur Bəxtiyar Səxavətoğlundan xəbər var

Məşhur Bəxtiyar Səxavətoğlundan xəbər var

12 May 2012, 10:26

Kiçik yaşlarından Azərbaycan Televiziyasının efirindən öz istedadı, qabiliyyəti ilə hamını heyran qoymuş Bəxtiyar Səxavətoğlunu ilk vaxtlar hamı mərhum xanəndə Səxavət Məmmədovun oğlu kimi tanıyırdı. Amma balaca oğlanın efir məkanını ələ alması, öz isdedadını ortaya qoyması azyaşlı Bəxtiyarı tez bir zamanda məhşurlaşdırdı. Bəxtiyar öz səlis danışığı, aydın diksiyası, sərbəstliyi, hazırcavablığı ilə özündən xeyli böyük aparıcılara, diktorlara sanki nümunə olurdu... Hamı Bəxtiyarı aparıcı kimi tanıydı. Efir məkanından film meydancasınadək keçdiyi yol onun sonrakı həyatında da öz müsbət təsirini göstərdi. Amma son bir necə ildir ki, efirdəki fəaliyyətinə ara verən Bəxtiyar Səxavətoğlu yoxa çıxıb. Bəs o haradadır?

Modern.az saytı Bəxtiyardan xəbər almaq üçün onun əmisi, xanəndə  Firuz Səxavətlə danışdı.

Məlum oldu ki, Səxavət Məmmədovun evindəki beşikdən, özünün təməlini qoyduğu ailəsinə qədər, AzTV-dəki uşaq verilişindən Azərbaycanın Argentinadakı nümayəndəliyinə qədər çox maraqlı bir həyat yolu keçən Bəxtiyar hazırda o, ölkə hüdudlarından uzaqda yaşayır.

Firuz Səxavət dedi ki, Bəxtiyar hazırda okeanın o tayında, Azərbaycanın Argentinadakı səfirliyində çalışır.

”Uşaq yaşlarında efirdə tez-tez görünürdü. O vaxtı orta məktəbdə təhsil alırdı. Amma sonra ali təhsil ardınca getdi. Bəxtiyar ali məktəbi bitirdikdən sonra Azərbaycan Xarici İşlər Nazirliyində çalışmağa başladı və bundan sonra da rəsmi dövlət işçisi olduğundan efirlərdə az-az göründü. İndi peşəsilə məşğuldur. Ailəlidir. Bir övladı da var. İşi ilə əlaqədar ailəsi ilə birgə Argentinada yaşayır. Gənc diplomatın ailə qurduğu Səkinə xanım da Bakı Dövlət Universitetində təhsil alarkən tələbə yoldaşı olub”.

Qeyd edək ki, Xanəndə Səxavət Məmmədovun böyük oğlu Bəxtiyar Məmmədov 23 dekabr 1984-cü ildə anadan olub, 2001-ci ildə Bakı şəhəri 43 saylı liseyi fərqlənmə attestatı ilə bitirərək, yüksək balla BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisasına qəbul olub. 2005-ci ildə bu təhsil ocağının bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirərək, Böyük Britaniyadakı London Diplomatiya Akademiyasının (Vestminster Universiteti) magistraturasına qəbul olub. 2006-cı ildə Diplomatiya Elmləri Magistri dərəcəsini alaraq, vətənə dönüb. 2008-ci ildə BDU-da Beynəlxalq Hüquq ixtisası üzrə daha bir magistr diplomuna yiyələnib. Hazırda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşıdır. Azərbaycan Respublikasının Buenos-Ayresdəki (Argentina) Səfirliyində konsulluq məsələləri üzrə məsul şəxsdir.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi