Millət vəkili statusu qazandıqdan sonra növbəti addım “parta yoldaşlığı”nın seçilməsi olur. Bu yoldaşlığın seçilməsində hərdən uzunmüddətli dostluq köməyə gəlirsə, hərdən də bu tanışlıq elə Milli Məclisin zalındaca baş tutur. Modern.az-ın bu dəfəki təqdimatında elə parlamentin zalında tanış olmuş xanım deputatlar Flora Qasımova və Leyla Abdullayevadır.
Maraqlıdır, bu yoldaşlığın tarixi necə başlayır?
Bu xanımları bir çox cəhət birləşdirsə də, hər ikisini daha da yaxınlaşdıran müqəddəs peşənin sahibləri olmasıdır.
Leyla Abdullayeva Milli Məclisin iclas zalında harada və kiminlə oturmasına özü qərar vermədiyini deyir: “Kiminlə oturmağı seçmək, qərarlaşdırmaq bizim səlahiyyətlərimizdə deyildi. Mən Milli Məclisə gələndə heç kimi tanımırdım və harda əyləşəcəyimi də bilmirdim. Mənə yaxınlaşdılar və harda əyləşəcəyimi göstərdilər. Mən orada əyləşdim. Daha sonra Flora xanım gəldi və mənimlə yanaşı əyləşdi. Flora xanımın özünü tanımasam da, onun yoldaşının vətən uğrunda şəhid olduğunu bilirdim. Flora xanımın Milli Qəhrəmanın həyat yoldaşı olması mənə məlum idi. Amma mən Flora xanımı görməmişdim. Milli Məclisdə birgə əyləşəndə biz o zaman tanış olduq. İxtisasca hər ikimizin müəllimə olması bizim daha yaxşı “parta yoldaşlığı”mıza səbəb oldu. O da, mən də öz sahəmiz üzrə mütəxəssisik. Ona görə də hər ikimizin “parta yoldaşlığı” daha səmimi alınır”.
Flora Qasımova da “parta yoldaşı”nı əvvəldən tanımadığını deyir. Bir–birini tanımayan xanım millət vəkilləri Milli Məclisin stolu arxasında birləşiblər:
“ Əvvəldən birinci və ikinci iclasda kimin harda oturması stolların üzərinə yazılıb qoyulmuşdu. Ona görə də mənim Leyla xanımla yanaşı əyləşməm təsadüf nəticəsində olub. Amma hər ikimizin müəllimə olması bizi sonradan daha da yaxınlaşdırdı”.
Gültəkin Ələsgər