Modern.az

Millət vəkili Almaniyada Qarabağdan danışıb

Millət vəkili Almaniyada Qarabağdan danışıb

Təhsil

14 May 2012, 10:30
Modern.az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva Almaniyanın Köln şəhərində keçirilən Avropa Türk-İslam Birliyinin 20-ci qurultayında iştirak edib. Minlərlə insanın iştirak etdiyi qurultayın açılış mərasimində Avropada yaşayan türklərin ən böyük təşkilatlarından biri olan Avropa Türk-İslam Birliyini 20-ci ildönümü münasibəti ilə təbrik edən millət vəkili Qənirə Paşayeva geniş çıxışında xüsusilə Ermənistanın 20 il əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla  20 faiz ərazilərini işğal etməsi,  işğal etdiyi bölgələrdə törətdiyi vandalizm aktları barədə  məlumatlar verib.

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında Azərbaycan türklərinə qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, soyqırımlar, millətimizə məxsus mədəni-tarixi abidələri, məscidləri, qəbiristanlığı dağıtması, işğal etdikləri torpaqlarda türk millətinin tarixi izlərini silmək siyasəti yürütməsi haqqında geniş məlumatlar verən Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Q.Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın Şuşada törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Miillət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımları vurğulayaraq bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər.

“Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib. Bu məsələdə xarici ölkələrdə, xüsusilə Avropa yaşayan insanlarımızın, Avropada vətəndaş olan türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Q.Paşayeva bütün türk gəncliyini sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə sosial mediada səylərin artırılmasının, həqiqətlərin daha geniş şəkildə yayılması işinin sürətləndirilməsinin vacibliyini bildirib.  O, Avropada yaşayan gənclərimizi yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha aktiv iştirak etməyə cağırıb və bunun vacibliyi və əhəmiyyəti üzərində xüsusi dayanıb. Millət vəkili deyib ki, Avropa ölkələrində vətəndaş olan Türk gəncliyi yaşadıqları ölkələrdə siyasi partiyalarda daha geniş təmsil olunmalıdırlar.

Deputat Avropanın bəzi ölkələrində aşırı radikal qüvvələrin, irqçi təfəkkürlü güclərin, siyasi qüvvələrin getdikcə daha da güclənməsi, Avropada İslamafobiyanın artmasının yaratdığı və yarada biləcəyi ciddi problemlər, Avropada bəzi siyasi çevrələrin İslam əleyhinə, müsəlmanlara qarşı insanların nifrət və düşmənçiliyini artırma siyasətləri barədə də ətraflı danışıb və Türk müsəlmanlarını bu cur qüvvələrin öz məqsədlərinə çata bilməməsi üçün birgə səyləri və çalışmaları artırmağa çağırıb.

Çıxışının sonunda millət vəkili yenidən Qarabağ probleminə toxunub və deyib: “İnşallah gələn il Avropa Türk-İslam Birliyinin yaranmasının 21-ci ildönümünü birliktə işğaldan azad edəcəyimiz Qarabağımızda, Xankəndimizdə, Xocalımızda, Şuşamızda keçirək. Biz hamımız bunun üçün səylərimizi daha da artırmalıyıq.”

 Avropa Türk-İslam birliyinin yeni sərdi İhsan Öner isə bəyan edib ki, təşkilat indiyə qədər olduğu kimi bundan sonra da daim qardaş Azərbaycanın həqiqətlərinin daha geniş yayılması, Dağlıq Qarabağ probleminin həlli istiqamətində öz səylərini daha da artıracaqlar.

Qurultay çərçivəsində “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəstəyi ilə hazırlanmış “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filminın və Xocavənd rayon İcra Hakimiyyətinin millət vəkili Qənirə Paşayevanın “Ruhum Qarabağlıdır” şeirlər silsiləsi əsasında hazırladığı “Ruhum Qarabağlıdır” filminin nüsxələri, Qarabağ həqiqətləri ilə bağlı materiallar, millət vəkili Qənirə Paşayeva və Şərq qəzetinin baş redaktoru Akif Aşırlının həmmüəllifi olduğu “Erməni soyqırımının qurbanı-Bağanıs Ayrım”kitabı qurultayda iştirak edən Avropada fəaliyyət göstərən türk təşkilat rəhbərlərinə və rəsmilərinə təqdim edilib.

 

 

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza