Sovet dövründən əvvəl ədəbi dilimizdə daha çox “ bəy”, “xanım”, “ağa”, “qardaş” və digər müraciət formaları işlədilirdi. Sovet dövründə isə bu müraciət formasları bir qədər quru və çox rəsmi səslənən “yoldaş” sözü ilə əvəzləndi. 70 il bizimlə “yoldaş”lıq edən bu müraciət formasına sonralar “müəllim” və “müəllimə” kimi çağırış formaları da qoşuldu.
Kişiyə “müəllim”, “qadına “müəllimə” deyə müraciət edilən sovet cəmiyyətində “cənab” və “xanım” sözləri “keçmişin qalığı” və “burjua epitetləri” sayılırdı. “... müəllim” deyə kimə gəldi müraciət olunurdu - fəhləyə, restoran müdirinə, məmura...
Azərbaycanın müstəqiliyi ilə “yoldaş” sözü tarixin arxivinə gömüldü. İndi yalnız Kommunsit Partiyasının üzvlərinin dilindən “yoldaş” sözünü eşitmək olur. 1992-ci ildə AXC hakimiyyəti ilə Azərbyacana “bəy” və “xanım” müraciəti formaları da gəldi. Xüsusilə bir qədər istehza ilə qarşılanan “bəy” sözü keçmiş sovet vətəndaşlarında əski dönəmlərdəki “burjua” sisteminin qalığı kimi təcəsssüm olunurdu. Onlar bu müraciəti “bəy-xan” silkinin “dirilməsinə” işarə kimi başa düşür və belə müraciət tərzinə rişxənd edirdilər. Amma bir müddət sonrra “bəy, xanım” sözləri müraciət forması kimi danışıq dilimzə daxil oldu. Bununla yanaşı, “müəllim” və “müəllimə” forması isə indiyədək öz mövqeyini qoruya bilib.
Maraqlıdır ki, Azərbaycan dilində şəxsə müraciət formasının qəti variantı yoxdur. Ədəbi dilimizin hər cür inkişafına imkanın olduğu bir dövrdə ümumi və hər kəs tərəfindən qəbul olunan müraciət formalarının olmaması bir qədər qəribədir.
Indi bəzilərinə "bəy", digərlərinə "müəllim" deyəndə narazılıq edirlər...
Doğrudan niyə belə olmalıdır, axı “bəy”, “müəllim” müraciət formasında qıcıqlandırıcı nə var..?
Modern.az bu məsələ ilə bağlı fərqli istiqamətlərin nümayəndələrindən münasibət öyrənib.
Filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli başqa dillərdə olduğu kimi, Azərbaycan dilində də müraciət formalarında müəyyən qarşılaşmaların olmasını normal hal sayır. Onun sözlərinə görə, ilk dəfə gördüyümüz şəxslərə Azərbaycanda qəbul olunmuş müəyyən müraciət formaları var. Xüsusən də kişilərə “bəy”, qadınlara isə “xanım” deyə müraciət edirlər. Professorun sözlərinə görə, cəmiyyətdə “xanım” sözünün yalnız elit təbəqəyə aid edilməsi barədə səhv fikir formalaşıb.
“İndi bizim dildə daha çox işlədilən “cənab“ sözünü də xatırladım. O söz bizim müraciət formalarına aid deyil. Bizim öz sözlərimiz ola–ola niyə xarici sözlərə müraciət etməliyik? “Bəy” və “müəllim” müraciət formalarını siyasiləşdirmək qəti surətdə doğru deyil”-deyə professor vurğuladı.
F.Veysəllinin fiikrincə, “müəllim” sözünü hər adama demək olmaz: “Həkimə, məmura “müəllim” deyə müraciət etmək düzgün deyil və əslində bu müəllim sözünü təhrif etməkdir”. Professor ümid edir ki, bəlkə də bir müddətdən sonra cəmiyyət dilimizdə “cənab” və “xanım” müraciət formalarını tam olaraq qəbul edə biləcək.
”Hər halda indi ən neytral müraciət olaraq mən “xanım” və “bəy” müraciət formalarının olmasını istəyərdim”.
Dilçi alim, millət vəkili Nizami Cəfərov “xanım” müraciət formasında elə bir problemin olmadığını vurğuladı. Amma “bəy” və “müəllim” məsələsində isə problemlərin yaşandığını söylədi. Həmçinin millət vəkili “bəy” müraciət formasının bir zamanlar titul olduğunu və hər adama da şamil olunmadığını qeyd etdi. Nizami Cəfərov deyir ki, “bəy” müraciət forması Türkiyə təcrübəsində çox yayılıb və bir növ “cənab” mənasını da ifadə edir.
““Bəy” müraciət formasını daha çox AXC hakimiyyəti vaxtında ümumiləşdirdilər. Hər kəs də bir-birinə müraciət forması kimi “bəy” deməyə başladı və onlar müəyyən bir ayrılığı da bununla gündəmə gətirdilər. Biz indi tam olaraq deyə bilmərik ki, “bəy” sözü tamamilə neytraldır və hər kəsə də aid ola bilər. Əsas bu əlamətləri “bəy” sözü elə AXC-nin vaxtında qazandı. Bu gün də həmin ənənə davam edir. Bir tərəfdən də “bəy” sözünə cəbhə rəngi ilə motivlənmiş kimi baxıldı. Amma “bəy” sözünün bu günə olan bu xüsusiyyətlərini aradan qaldırmaq lazımdır“ .
Millət vəkili bu gün üçün həmin müraciət formalarında elə də ciddi bir problemin olduğunu görmür. Onun fikrincə, istənilən şəxs hər iki müraciət formasından istifadə edə bilər.
“Hər iki sözün – “bəy” və “müəllim” müraciət formasının öz yeri var. Amma müəyyən qədər də olsa, ədəbi bir komplekslər yaradır. Bəlkə də müəyyən zaman keçəndən sonra bu məsələ öz axarına düşəcək. “Xanım” müraciət formasına gələndə onu deyə bilərəm ki, Türkiyə təcrübəsində məktəblərdə belə ayrı-seçkilik yoxdu. Nə “bəy”, nə “müəllim”, nə də “xanım” müraciət forması işlənir. Yalnız ümumi “hoca” sözü var” .
YAP-çı deputat Mübariz Qurbanlı daha çox “cənab” və “xanım” müraciət formalarını qəbul etdyini söylədi. Onun fikirincə, “bəy” müraciət formasına daha çox AXC dövründə müəyyən bir don geyindirilmişdi. M.Qurbanlı bu müraciət formasının gözdən düşdüyü qənaətindədir.
“Əvəllər sovet dövründə daha çox “yoldaş” sözü işlədilirdi. Türklərin yaxşı bir sözü var ki, türk dilinin yaxşı sözü “yoldaş” idi, onu da kommunistlər məhv elədi. Bir də müraciət formalarında seçim də önəmlidir. “Müəllim” müraciət formasıdır, amma onu da hər kəsə demək olmaz. Həm də “müəllim” müraciət forması kimi daha çox işlənir“.
“Yeni Müsavat “ qəzetinin baş redaktoru Rauf Arifoğlu da bu gün Azərbaycanda iqtidar və müxalifət düşərgələri arasında yaranmış “bəy” və “müəllim” müraciət formalarına olan münasibətə toxundu. Onun sözlərinə görə, iqtidar tərəfin məmurlarına “bəy” deyə müraciət edəndə özlərini sanki təhqir olunmuş kimi aparırlar. Amma R.Arifoğlu ona olan müraciət formaları ilə bağlı heç bir kompleksə malik deyil. O, özü barəsində həm “müəllim”, həm də “bəy” sözünü qəbul etdiyini söylədi:
““Bəy” müraciət forması daha çox türk xalqları arasında işlənən bir formadır. Həm də bəzi peşə sahiblərinə ixtisaslarının adı ilə müraciət edə bilmədiyimiz üçün elə “müəllim” deyirik. Mən kişilərə müraciət forması kimi ”bəy” sözünün qəbul olunmasının tərəfdarıyam. İqtidar tərəfin də bunu normal qarşılamasını və qəbul etməsini istərdim. Mən özüm şəxsən bütün dostlarıma və tanışlarıma “bəy” deyə müraciət edirəm”.
Baş redaktor “xanım” və “müəllimə” müraciət formalarının işlənməsində ciddi problem görmür. ““Xanım” müraciət formasını daha uyğun sayıram. Amma əsas problem qarşı cinsin nümayəndələrinə ünvanlanan sözlərlə bağlıdır. Bu da ayr-ıseçkilik yaradır”-deyə R.Arifoğlu qeyd etdi.
Nəzərə almaq lazımdır ki, hörmət, müraciət bildirən münasib sözlərin seçilməsi, təcrübədən keçirilməsi, belə sözlərin vətəndaşlıq hüququ qazanması, ümumxalq tərəfindən anlaşılan işlək dil vahidlərinə çevrilməsi tez və asan başa gələn bir iş deyil.
Könül Səid