Modern.az

ARDNŞ Liviyada yanacaqdoldurma məntəqələri açacaq

ARDNŞ Liviyada yanacaqdoldurma məntəqələri açacaq

Təhsil

14 May 2012, 11:06


Azərbaycan Liviyadakı səfiri Ağasəlim Şükürov  Liviyanın Neft və Qaz Naziri Əbdürrəhman bin Yəzzəyə bu ölkədə “SOCAR” brendi altında yanacaqdoldurma məntəqələrinin tikilməsini təklif edib. Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanın tarixi haqqında Liviyalı nazirə məlumat verən səfir Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi həyata keçirilən nəhəng layihələrin ölkəmizin təbii ehtiyatlarının dünya bazarlarına  çıxarılmasında mühüm rol oynadığını və hal-hazırda bir çox Avropa ölkələrində “SOCAR” brendi altında Azərbaycan yanacaqdoldurma məntəqələrinin fəaliyyət göstərdiyini liviyalı nazirin nəzərinə çatdırıb.

A. Şükürov Azərbaycan ilə Liviya arasında neft-qaz sahəsində əməkdaşlığın qurulmasının vacibliyini vurğulayaraq, bunun ölkələrimiz arasında daha sıx əlaqələrin yaranmasına şərait yaradacağından əminliyini ifadə etmiş, həmçinin Azərbaycan rəhbərliyinin apardığı uğurlu iqtisadi siyasət nəticəsində hal-hazırda Azərbaycanın investisiya qoyan ölkəyə çevrildiyini bildirib və Azərbaycan tərəfindən Liviyada “SOCAR” brendi altında yanacaqdoldurma məntəqələrinin tikilməsi, istər müştərək, istərsə də Azərbaycan tərəfinin investisiyaları hesabına Liviyada neftayırma zavodunun inşa edilməsi təklifinin irəli sürüldüyünü qeyd edib.

Səfir A.Şükürov 05-08 iyun 2012-ci il tarixlərində Bakıda keçiriləcək 19-cu Beynəlxalq Neft-Qaz Sərgi və Konfransında iştirakla bağlı Liviyanın Neft və Qaz Nazirinə ünvanlanmış dəvət məktubunun yaxın bir vaxtda Səfirlik tərəfindən çatdırılacağını bildirib.

Nazir dəvətə görə öz təşəkkürünü bildirib və sözügedən tədbirdə iştirak edəcəyini qeyd edibdir. Neft və Qaz Naziri Ə.bin Yəzzə öz növbəsində Liviya ilə Azərbaycan arasında neft-qaz sahəsində əlaqələrin qurulmasında maraqlı olduqlarını diqqətə çəkərək, ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlığın vacibliyini vurğulayıb

Görüşün sonunda səmimi qəbula görə Nazir Ə.bin Yəzzəyə təşəkkürünü bildirən səfir Azərbaycanın neft-qaz sənayesi haqqında jurnalları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, turizm haqqında kitabları və diski liviyalı nazirə təqdim edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza