Zaqatalada baş verən zəlzələ nəticəsində dağılan məktəblərin şagirdləri buraxılış imtahanlarından azad ediləcək. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. TQDK sədri bununla bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edildiyini deyib.
“Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara görə, TQDK-ya fövqəladə hallarda buraxılış imtahanlarından azad etməklə bağlı səlahiyyət verilib. FHN bu gün Zaqatalada həddən artıq dağıntılara məruz qalan məktəblərin siyahısını TQDK-ya verəcək.”-deyə M.Abbaszadə qeyd edib.
Komissiya sədrinin sözlərinə görə, buraxılış imtahanlarından azad olunan şagirdlərinin qiymətləndirilməsi dərs ili ərzindəki illik qiymətləndirməyə əsasən aparılacaq.
“Yoluxucu xəstəliyə yoluxan 9 və 11-ci sinif şagirdləri xəstəliyi ilə əlaqədar buraxılış imtahanına buraxılmayacaqlar”. Bu sözləri də Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Bu cür şagirdlərin buraxılış imtahınına keçməsinə icazə verilməyəcək. Onların keçən il buraxılış imtahanından keçə bilməyən şagirdlərlə bir gündə imtahan verməsi üçün müvafiqq vaxt təyin ediləcək və birlikdə imtahan verəcəklər” deyə M.Abbaszadə vurğulayıb.