Modern.az

Məktəblərdə buraxılış imtahanlarının TARIXLƏRİ açıqlandı

Məktəblərdə buraxılış imtahanlarının TARIXLƏRİ açıqlandı

Ölkə

14 May 2012, 12:30

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublikanın orta məktəblərində ümumi orta (9-cu sinif ) və tam orta (11-ci sinif) təhsil səviyyələri üzrə bütün buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb.

Modern.az saytı xəbər verir ki, buraxılış imtahanlarının keçirilmə tarixləri barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

TQDK sədri bildirib ki, Bakı şəhəri üzrə 11-ci sinif şagirdləri iyunun 2-də, 9-cular isə iyunun 3-də buraxılış imtahanı verəcəklər.

İyunun 8-də Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmazdakı orta məktəblərin 11-ci və 9-cu sinif şagirdləri üçün buraxılış imtahanları aparılacaq.

İyunun 13-də Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda buraxılış imtahanı olacaq.

İyunun 18-də Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda şagirdlər buraxılış imtahanı verəcəklər.

İyunun 29-da Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvarda;
iyulun 4-də Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda buraxılış imtahanları keçiriləcək.

Gəncə, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsində təhsil alan şagirdləri Bakı şəhərinin məktəblərinin şagirdləri ilə eyni gündə imtahan verəcəklər. İşğal olunmuş rayonların şagirdləri buraxılış imtahanlarını məskunlaşdıqları rayonlarda verəcəklər. 

Bütün bölgələrdə imtahanlar 11-ci siniflər üzrə saat 10:00-da, 9-cu siniflər üzrə saat 15:00-da başlayacaq.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirəcəklər.
İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.

Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan ediləcək. 
Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan ediləcək. 
 
Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi